Azərbaycan yığması dünya çempionatının seçmə oyununda İtaliyanı məğlub edib

Azərbaycan yığması dünya çempionatının seçmə oyununda İtaliyanı məğlub edib
# 27 noyabr 2008 07:38 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın qadınlardan ibarət həndbol yığması Çernoqoriyanın Pljevlja şəhərində təşkil olunan dünya çempionatının seçmə qrup mərhələsində inamlı çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, yarışa Bolqarıstan üzərində qələbə ilə başlayan millimiz ikinci görüşdə İtaliyanı üstələyib.

Rəfiqə Şabanovanın rəhbərlik etdiyi komandamız oyunun taleyini yenə ilk hissədə həll edib. Fasilədən sonra da üstünlüyü əldən verməyən yığmamız 28:25 (17:10) hesablı qələbəyə sevinib. Komandamızın kapitanı, Rumıniyanın “Tomis” klubunda legioner həyatı yaşayan Marina Tankatskaya 8 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Qrupda baş tutan digər iki matçda Çernoqoriya Finlandiyanı 37:24, Sloveniya isə Bolqarıstanı 31:20 hesabı ilə məğlub edib. Milli komandamız bu nəticələrdən sonra 4 xalla Çernoqoriya ilə liderliyi bölüşür.

Turnir iştirakçıları bu gün istirahət edəcəklər. Yığmamız növbəti matçını sabah Finlandiyaya qarşı keçirəcək.

Qeyd edək ki, reqlamentə əsasən , dünya çempionatının pley-off mərhələsinə yalnız bir kollektiv vəsiqə qazanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR