Azərbaycan millisinin oyunçusu “Vaşaş”la müqavilə imzalayıb

Azərbaycan millisinin oyunçusu “Vaşaş”la müqavilə imzalayıb
# 03 may 2020 15:50 (UTC +04:00)

“Mövsümün bərpa olunmadan başa çatdırılmasının elan edilməsi yaxşı olmadı. Çünki hədəflərimiz var idi ki, onlara bu üzdən çata bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova deyib

Ad günü ilə bağlı çıxış etdiyi Macarıstan təmsilçisi “Vaşaş”ın rəsmi saytına açıqlama verən voleybolçu yarımçıq başa çatan mövsümün yeganə təsəllisindən danışıb: “Amma heç olmasa Macarıstan kubokunda qalib gəldik. İndi evdə qaçır, məşq edirəm. Amma bu, topla oyun və gündə iki dəfə gerçəkləşən məşqlərin yerini vermir. Lakin biz durumu da qəbul etməliyik. Çünki bu, bütün dünyada belədir”.

Koronavirus pandemiyası üzündən sərhədlər bağlı olduğundan Ayşən 2018-ci ildən oynadığı ölkədə qalıb: “İki reys ləğv olundu. Bakıya nə vaxt uça biləcəyim də bəlli deyil. Bu üzdən yayla bağlı hər hansı planlarım yoxdur. Ailəmlə daha çox vaxt keçirmək istəyirəm”.

Voleybolçumuz arxada qalan mövsümdəki çıxışına da toxunub: “Burada üzərimə düşən təzyiq fərqlidir. Mən bu komandada yığmamı və ölkəmizi təmsil edirəm. Buna görə də klubumda çox yaxşı oynamalıyam. Çünki məsuliyyətim böyükdür. Çempionlar Liqasında mübarizə mənim üçün böyük təcrübə oldu. Ümid edirəm ki, payızda yenidən qayıdacağıq. “Konegliano” ilə görüş daim hamının yaddaşında qalacaq. Yaxşı mövsüm keçirdim, oyunlarda və məşqlərdə bütün gücümü qoydum. Ümid edirəm ki, rəhbərlik və azarkeşlər də məndən razı qalıb. Kubokun finalında aldığım və bir neçə oyunu buraxdığım cüzi zədənin müalicəsi koronavirus üzündən yarımçıq qaldı. Evə qayıtmağı gözləyirəm ki, bunu yekunlaşdırım”.

Son iki mövsümü keçirdiyi “Vaşaş”la daha bir illik anlaşan təcrübəli blokçu Macarıstanda qalmaqdan məmnunluğunu gizlətməyib: “Son iki mövsümdə Macarıstan liqasının səviyyəsi çox qalxıb. Oyunçular uzun müddətdir burdadır və zaman keçdikcə daha yaxşı oynayır. Hər iki mövsümdə yaxşı komandamız olub. Ümid edirəm ki, yeni çempionatda da vəziyyət dəyişməyəcək. Burada olmaqdan xoşum gəlir və “Vaşaş” ailəsinin nə olduğunu bilirəm. İlk andan personal və azarkeşlərin mehriban davranışına şahid oldum. Onlar möhtəşəmdir. Komanda yoldaşlarımla çox yaxşı münasibətim var. Azarkeşlərin bizi tezliklə bizi görəcəyinə ümid edirəm. Mən onların bizi necə dəstəklədiyi hələ də eşidirəm. Onların sədaları qulaqlarımdadır. Səbirsizliklə yeni oyunları gözləyirəm”.

“Vaşaş”ın baş məşqçisi Yakub Qluşak da voleybolçunun növbəti mövsüm klubda qalmasından razılığını bildirib: “Son iki il göstərdi ki, komanda üçün nə qədər vacib oyunçudur. Ona daim güvənə bilərik. Biz gələcək barədə çox danışdıq. Hiss etdim ki, o, uğurlara və inkişafa iddialıdır. Sevinirəm ki, onunla daha bir mövsüm işləyə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR