Bakı Turizm İnformasiya Mərkəzində yeni “on-line” rezervasiya sisteminin təqdimetmə mərasimi keçirilib

Bakı Turizm İnformasiya Mərkəzində yeni “on-line” rezervasiya sisteminin təqdimetmə mərasimi keçirilib
# 12 mart 2009 09:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakı Turizm İnformasiya Mərkəzində yeni “on-line” rezervasiya sisteminin təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Əlibəndə Məmmədov bildirib ki, bu sistem vasitəsi ilə dünyanın istənilən nöqtəsində istənilən şəxs Azərbaycanın turizm potensialı, turizm marşrutları, ölkəmizdə yerləşən turizm-istirahət mərkəzləri, otellər haqqında geniş məlumat toplaya biləcəklər. www.bakutourism.az internet ünvanına daxil olmaqla Azərbaycana gəlmək istəyən turistlər Bakıda fəaliyyət göstərən otellərini internet vasitəsi ilə rezerv edə biləcəklər: “Azərbaycan, rus və ingilis dillərində hazırlanan bu onlayn-rezervasiya sistemində hazırda paytaxtda fəaliyyət göstərən doqquz otel haqqında məlumatlar yer alıb. Bu hotellərin sayı sonralar artırılacaq. Bu saytda eləcə də otellərin qiymətləri də var. Çox istərdik ki, bu sistemdə tək Bakı yox, Azərbaycanın bütün regionları iştirak etsinlər”. Təqdimetmə mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə belə bir sistemin yaradılmasını yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir bildirib ki, belə bir sistemin yaradılması Azərbaycanda turizm sahəsinin inkişafına da zəmin yaradacaq. Yeni onlayn-rezervasiya sistemi Bakı Turizm İnformasiya Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR