Azərbaycan Xəzərdəki adada möhtəşəm kurort yaradır

Azərbaycan Xəzərdəki adada möhtəşəm kurort yaradır
# 07 aprel 2009 10:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, şirkətin maliyyə meneceri Kamran Quliyev bildirib ki, layihə Xəzər dənizində yerləşən Zirə (keçmiş Nargin) adasında qurulacaq və 1 mln. kv. metr sahəni əhatə edəcək. Layihənin icrasında Danimarkanın «BIG Architects» şirkəti, «Ramboll» mühəndis şirkəti və «Pihl & Son» tikinti idarə edilməsi üzrə mütəxəssis şirkətlərinin dizaynerləri iştirak edir.
«BIG Architects» şirkətinin memarı Kai Uve Berqmann bildirib ki, adada yaradılacaq yaşayış kompleksi külək enerjisindən qidalanacaq. On min əhalinin yaşayacağı adada Danimarka istehsalı olan 16 külək dəyirmanı qurulacaq. Tikinti işləri zamanı yerli şirkətlərlə əməkdaşlıq ediləcək. Zirə adasında layihə çərçivəsində 4 və 5 ulduzlu otellər, 300 lüks villa, əhali üçün yaşayış binaları inşa olunacaq. Bakıdan adaya taksi gəmilər və vertolyotlar vasitəsi ilə gəlmək mümkün olacaq. Adada benzin və qazla işləyən avtomobilləri elektriklə işləyən minik maşınları əvəz edəcək.
Memar bildirib ki, layihədə «Yeddi zirvə» konsepsiyası həyata keçirilir. «Yeddi zirvə»dən hər biri Azərbaycanın məşhur dağlarından birini simvollaşdırır. Hər bir zirvədə xüsusi və ictimai funksiyalar birləşir. Birlikdə dağlar adanın təbii topoqrafiyası ilə ahənglə qovuşan üfüqü formalaşdırır. Sıx və parlaq şəhər cəmiyyəti xüsusi kurortlar, qolf meydanları və çimərlikləri olan mərkəzi ictimai vadi ilə birləşir.
«Layihə 6-8 il ərzində tamamlanacaq. Bu müddətdə layihədə hər hansı dəyişikliyin aparılması da istisna olunmur. Hazırda dizayn sənədləri hazırlanır və yaxın bir il ərzində tikinti işlərinə başlamaq planlaşdırılır», - deyə memar vurğulayıb.
Layihənin ilkin məbləği 4-4,5 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir. Lakin gələcəkdə məbləğin dəyişməsi mümkündür. Layihənin mütəxəssisləri maliyyə böhranının işlərə təsir göstərməyəcəyini qeyd ediblər.
«Bu layihənin maliyyələşdirilməsində özəl sektorun, dövlətin və xarici investorların iştirakı mümkündür. Bu ada dövlətə məxsusdur və layihənin həyata keçirilməsi üçün «Avrositi» şirkətinə verilib», - deyə K.U.Berqmann vurğulayıb.
Layihə reallaşdıqdan sonra adada tullantılar xüsusi qurğularda utilizasiyadan keçəcək, çirkab sular təmizləndikdən sonra yaşıllıq sahələrinin suvarmasında istifadə olunacaq. İçməli su təchizatında isə dənizin təmizlənmiş suyundan istifadə olunacaq. Adadakı binalar Xəzər dənizi ilə əlaqələndirilən istilik nasosları ilə qızdırılıb soyudulacaq. Arxitekturaya birləşdirilmiş günəş istilik panelləri davamlı isti suyu təmin edəcək.
Layihə müəllifləri 1918-20-ci illərdə burada bolşeviklər və ermənilər tərəfindən qətlə yetirilmiş türk və Azərbaycan əsgərlərinin xatirəsinə abidə də yaradacaqlar. Berqmannın sözlərinə görə, bu möhtəşəm abidə adanın mərkəzi istirahət parkında quraşdırılacaq. Adada ötən əsrin 30-cu illərində qətlə yetirilmiş insanların qalıqları isə başqa yerlərə köçürüləcək.
Berqmann «APA-Economics»ə açıqlamasında Zirə adasındakı hərbi bazaya məxsus sursatların və raket yanacağının utilizasiyasına yaxın vaxtlarda başlanacağını da qeyd edib. Artıq hərbi bazanın ətrafında vaxtı ilə minalanmış ərazilər müəyyənləşdirilib və təmizlənməsi üçün müvafiq hökumət orqanları ilə müzakirələr aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR