Regional turizmin inkişafına dair RİTM proqramı ictimaiyyətə təqdim edilib - VİDEO - YENİLƏNİB

Regional turizmin inkişafına dair RİTM proqramı ictimaiyyətə təqdim edilib - VİDEO  - YENİLƏNİB
# 01 iyul 2021 11:16 (UTC +04:00)

Dövlət Turizm Agentliyi tərəfindən regionlarda turizm startaplarının dəstəklənməsi, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı ictimaiyyətə təqdim olunub.

APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, RİTM regional sahibkarlıq proqramı olaraq turizm sahəsi üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, eləcə də turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında startap proqramının bölgələrdə xidmət keyfiyyətinin yüksəldilməsinə, turizm məhsullarının sayının və çeşidinin artmasına, həmçinin dayanıqlı turizmin inkişafına töhfə verəcəyini bildirib. Fuad Nağıyev qeyd edib ki, regional turizmin inkişafı məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov RİTM layihəsinin real və ölçülə bilən nəticələrə yönəldiyini bildirərək layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd edib. O, layihədə KOB subyektləri vasitəsilə məşğulluğu təmin etmək istiqamətində olan komponentlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Təqdimat prosesində RİTM proqramına qoşulmaq üçün hazırlanmış https://ritm.tourismboard.az/ veb-saytının funksiyaları izah olunub, eləcə də startap proqramına müraciətlə bağlı şərtlər və qaydalar açıqlanıb.

Tədbir çərçivəsində DTA və ATB-nin məsul şəxslərinin iştirakı ilə keçirilən mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb. Qeyd edək ki, RİTM proqramına tərəfdaş qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) tərəfdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR