Şəkidə dövlət mühafizəsinə götürülmüş 58 abidə Dünya İrs Konvensiyasının normativ tələblərini əks etdirir

Şəki

© APA | Şəki

# 05 noyabr 2021 12:40 (UTC +04:00)

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yuxarı Baş” Milli-Tarix Memarlıq qoruğunun ərazisində daha 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından çox önəmlidir.

Agentlikdən APA-ya verilən məlumata görə, Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tarixi hissəsi 2019-cu il 7 iyul tarixində UNESCO Ümumdünya İrs Siyahısına daxil edilib.

Ümumdünya İrs Komitəsi bu qərarı verərkən, Dünya İrs Konvensiyasının II (memarlıq, sənətkarlıq, şəhərsalma və bu kimi digər sahələrdə müxtəlif tarixi dövrlərin ənənələrinin əks etdirilməsi) və V (insanların təbiətdən dayanıqlı istifadəsi) meyarlarına əsaslanıb. Şəkinin tarixi hissəsində həmin meyarlara cavab verən daha çox abidə mövcud olsa da, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 132 nömrəli qərarına əsasən indiyədək onların yalnız 25-i tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdü.

Bu iki meyara tam olaraq cavab verən digər tikililərinin də dövlət mühafizəsinə alınması məqsədilə, Dövlət Turizm Agentliyinin ekspertləri AMEA-nın müvafiq institutları ilə birgə əməkdaşlıq çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi tikililəri yenidən qiymətləndiriblər. Nəticədə Şəkinin qədim hissəsində yerləşən daha 58 daşınmaz əmlaka “abidə” statusu verilməklə 1-i ölkə, 57-si yerli əhəmiyyətli olmaqla, dövlət mühafizəsinə götürülməsi təklif olunub.

Ümumilikdə Şəkinin UNESCO Ümumdünya İrs siyahısına daxil edilmiş ərazisində 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin Ənənəvi Şəhər landşaftının daha səmərəli şəkildə qorunması, Şəkinin UNESCO Ümumdünya İrs Siyahısında öz layiqli yerini tutması, onun atributlarının mühafizə olunmasına töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR