Turizm bələdçilərinin sertifikatlaşdırılmasına dair təqdimat keçirilib - FOTO

Turizm bələdçilərinin sertifikatlaşdırılmasına dair təqdimat keçirilib - FOTO
# 07 dekabr 2021 12:43 (UTC +04:00)

Azərbaycan Turizm Bürosuna (ATB) Milli Akkreditasiya Mərkəzi tərəfindən bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatının təqdimolunma mərasimi keçirilib.

APA-nın məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkədə peşəkar bələdçilərə ehtiyac olduğunu bildirərək Azərbaycanda ilk dəfə olaraq turizm bələdçilərinin milli sertifikatlaşdırılması prosesinə start verildiyini qeyd edib. Fuad Nağıyev Agentliyin dəstəyi ilə indiyədək bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif dilli bələdçilərin hazırlanması üçün təlimlərin keçirildiyini vurğulayıb. O qeyd edib ki, respublika üzrə təlim və sertifikasiya prosesi beynəlxalq standartlar əsasında, milli akkreditasiya sisteminə uyğun formada təşkil olunacaq.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid prosesin ATB tərəfindən yeni yaradılmış TBSO vasitəsilə təşkil olunacağını qeyd edib. F. Zenqstşmid dünya standartları əsasında, nəzəri və praktiki biliklərlə hazırlanmış turizm bələdçilərinin Azərbaycanın təbliğatı istiqamətində faydalı olacağını qeyd edib.

Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini Emin Zeynalov Azərbaycanda bələdçilik sahəsi üzrə belə bir təşəbbüsü turizm sahəsinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib.

Qeyd edək ki, sertifikat 3 il verilir. Müddət bitdikdə təkrar sertifikatlaşdırma aparılır. Bundan əvvəl 2019-cu ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Azərbaycan Turizm Bürosuna hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatı təqdim olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR