Azərbaycanda hotellər bal sistemi əsasında təsnifatlaşdırılacaq

Azərbaycanda hotellər bal sistemi əsasında təsnifatlaşdırılacaq
# 27 fevral 2020 13:22 (UTC +04:00)

"Hər hotel kriteriyalar kataloquna uyğun olaraq bal sistemi əsasında təsnifatlaşdırılacaq. Bu zaman ulduz kateqoriyası nə qədər yüksək olarsa, tələblər də bir o qədər yüksək olacaq".

APA-nın məlumatına görə, bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib.

O qeyd edib ki, hər bir kateqoriya üçün məcburi minimum kriteriyalardan əlavə digər meyarlar da mövcuddur: "Hotel sahibkarı istədiyi ulduz kateqoriyası üçün lazım olan balları əldə etmək məqsədilə bu kriteriyaların hansının tələblərinə cavab verməyi seçməkdə azaddır. Bu, sahibkara qonaqlarına istədiyi əlavə xidmətləri təklif etmək üçün azadlıq verir".

R. Niyazov deyib ki, hotel 1 ulduz almaq üçün minimum 40, 2 ulduz almaq üçün 54, 3 ulduz almaq üçün 78, 4 ulduz almaq üçün 95, 5 ulduz almaq üçün 114 bal toplamalıdır: "4 və 5 ulduzlu hotellər üçün otaqlarda regional məlumat materialları da yerləşdirilməlidir. Bu hotellərdə qeydiyyat zamanı qonaq daxili cihazlardan (seyf, kondisioner və s.) istifadə imkanları barədə açıq şəkildə məlumatlandırılmalıdır: "Bu xidmət mehmanxana haqqında informasiya qovluğuna daxil edilməlidir. Tələb olunan kriteriyalardan biri olmasa, hotel təsnifatlaşdırılmayacaq".

Rəşad Niyazov əlavə edib ki, verilən sertifikat 3 il qüvvədə olacaq: "Sertifikatın qüvvədə olduğu 3 il ərzində qonaq rəyləri "trustyou" proqramı vasitəsilə

izləniləcək və bunun məmnunluq səviyyəsi müəyyən ediləcək. Müştəri məmnunluğu aşağı olduqda yenidən hotelə xəbərdarlıq ediləcək".

R. Niyazov həmçinin əlavə edib ki, ulduzlaşma ilkin mərhələdə könüllü aparılacaq: "Hazırda Azərbaycan Hotellər Assosiasiyasının 80 üzvü var, ilkin olaraq həmin üzvlərin ulduzlaşması aparacaq. Assosiasiyanın üzvü olan hotellərin yarıdan çoxu Bakıda yerləşir, bu hotellər müxtəlif ulduzludur. Onlar arasında 3 ulduzlu hotellər də var". Rəşad Niyazov bildirib ki, ulduzlaşma ilə bağlı sənəd qəbulu üçün müraciət etdikdən sonra vaxt təyin edilir: "Ulduzlaşma üçün müraciət edən hotel 3-4 saat ərzində yoxlanılır. Nəticələr daha sonra müzakirə üçün müstəqil ekspertlərdən ibarət olan Qiymətləndirmə və Qərəzsizlik Komissiyasına təqdim olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR