Bakıda Qafqazın şərab marşrutu yaradılıb

Bakıda Qafqazın şərab marşrutu yaradılıb
# 27 yanvar 2020 11:24 (UTC +04:00)

Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə "Iter Vitis Qafqaz" şərab marşrutunun Birinci Baş Assambleyası işə başlayıb.

"APA-Economics"in məlumatına görə, Assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid tədbirdə qeyd edib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var və yaradılan marşrut regionda bu sahənin inkişafına böyük töhfə verəcək.

Tədbirdə Qafqaz ölkələrinin şərab marşrutunun 2020-ci il üzrə fəaliyyət planı təsdiq edilib və ölkələr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər.

Diqqətə çatdırılıb ki, hər bir ölkənin şərab assosiasiyaları şərab təcrübəsi və şərabçılığın inkişaf etdirilməsi istiqamətində ölkələrarası silsilə təlimlər həyata keçirəcəklər.

Tədbir çərçivəsində, eyni zamanda Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Qastronomiya, Mədəniyyət və Turizm İnstitutunun ekspertləri tərəfindən şərab və turizm mövzusunda treninqlər keçirəcək.

Sonda Assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək birgə "Iter Vitis Qafqaz" şərab marşrutunun yaradılmasına dair memorandum imzalanıb. Sənədi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Avropa şərab marşrutunun prezidenti Emanuela Panke imzalayıblar.

Qeyd edək ki, Azərbaycanın şərab yolu 2019-cu ilin noyabr ayında Xorvatiyada keçirilən Assambleyada "Iter Vitis" şərab marşrutuna üzv ölkə seçilib.

"Iter Vitis" Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Birliyinin şərab yolu marşrutu olmaqla 19-dan çox ölkənin şərab marşrutunu özündə birləşdirir.

Bu marşrut boyunca turistlər Fransa, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Gürcüstan kimi ölkələrin şərab zavodlarını və plantasiyalarını kəşf edirlər. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR