Günay Sağlam: "Hotellər təsnifatlaşdırılarkən oraya gizli müştərilər göndəriləcək"

Günay Sağlam: "Hotellər təsnifatlaşdırılarkən oraya gizli müştərilər göndəriləcək"
# 04 dekabr 2019 15:19 (UTC +04:00)

"2020-ci ilin aprel ayından Azərbaycanda hotellərin təsnifatlaşdırılmasına başlanacaq".

APA-nın məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hotellərin təsnifatlaşdırılması birinci olaraq Bakıda tətbiq ediləcək:

"Hotellərin təsnifatlaşdırılması yeni formada aparılacaq, bu prosesdə yeni kriteriyalar tətbiq ediləcək. Əslində, hotel özünə güvənirsə, bu prosedurdan keçərək ulduz alması elə də çətin olmayacaq".

Günay Sağlam qeyd edib ki, hotellər təsnifatlaşdırılarkən oraya gizli müştərilər göndəriləcək:

"Hazırda bununla bağlı iş aparılır. Gizli müştərilər 4 və 5 ulduzlu hotellərə göndəriləcək. 3 ulduzlu hotellərə isə gizli müştərilər göndərilməyəcək. Təsnifatlaşdırmanı keçirmədən əvvəl hotellərə gizli müştərilər göndərəcəyik".

G.Sağlamın sözlərinə görə, bu, ilk dəfə Azərbaycanda tətbiq ediləcək:

"Beynəlxalq praktikada belə məsələ, yəni ikili yoxlama yoxdur. Bunu ona görə edirik ki, hotellərə auditor göndərilən zaman orada hər şeyi gözəl şəkildə təqdim edə bilərlər. Amma elə etməliyik ki, gözümüzdən heç nə qaçmasın".

Günay Sağlam 3 ulduzlu hotellərə gizli müştərilərin göndərilməməsinin səbəbini də açıqlayıb. O qeyd edib ki, belə hotellərin təklif etdiyi xidmətlərin sayı çox deyil:

"Onları yoxlamaq çox da çətin deyil. Gizli müştərilərin daha çox xidmət göstərən, SPA-sı, 2-3 restoranı olan, fərqli xidmətlər göstərən hotellərə göndərilməsi daha düzgün olar".

AHA-nın Baş icraçı direktoru onu da əlavə edib ki, hazırda"Turizm haqqında" qanunda hotellərin ulduz alması məsələsi öz əksini tapmayıb:

"Buna görə də biz yalnız müraciət edən hotelləri təsnifatlaşdırmadan keçirəcəyik. Bununla bağlı plan hazırlayaraq hotelləri yoxlayacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR