Bakıda “Demokratik cəmiyyət və silahlı qüvvələrin sosial rifahı” mövzusunda konfrans başlayıb

Bakıda “Demokratik cəmiyyət və silahlı qüvvələrin sosial rifahı” mövzusunda konfrans başlayıb
# 13 fevral 2007 09:53 (UTC +04:00)
Bakıda “Demokratik cəmiyyət və silahlı qüvvələrin sosial rifahı” mövzusunda iki günlük konfrans başlayıb. APA-nın məlumatına görə, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən konfransda ofis rəhbərinin müavini Robin Sivord, müdafiə nazirinin müavini Çingiz Məmmədov, Xarici İşlər Nazirliyinin idarə rəisi Tofiq Musayev, Kanada Silahlı Qüvvələrinin insan hüquqları üzrə analitiki Con Makqreqor, İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət Təşkilatının Məsləhət Şurasının üzvü Villem fon Eekelen məruzə ilə çıxış ediblər. R. Sivord jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla yanaşı, ATƏT üzvü olan bir sıra ölkələrin - ABŞ, Almaniya, Böyük Britaniya, Kanada, Belçika, Hollandiya nümayəndələrinin iştirak etdikləri tədbirdə adı çəkilən ölkələrdə və Azərbaycanda mövcud olan hərbi təcrübə, hərbçilərlə mülki şəxslər arasında münasibətlər və digər məsələlər müzakirə olunub. Onun sözlərinə görə, konfransın yekununda hər hansı sənədin qəbulu nəzərdə tutulmur: “Tədbirin keçirilməsində başlıca məqsəd inkişaf etməkdə olan Azərbaycana bu sahədə daha çox informasiya vermək və mövcud təcrübəni bölüşməkdir. Bu müzakirələr qarşıdakı dövrdə onun əsasında hansısa qərarlar qəbul etmək üçün yaxşı platformadır. Hər ölkənin özünəməxsus sistemi var, ancaq biz onlardan hansının model ola biləcəyini söyləyə bilmərik. Hər ölkənin siyasi, iqtisadi, hərbi sistemi var, bəziləri daha çox, bəziləri isə nisbətən az inkişaf ediblər. Ona görə də əməkdaşlıq və təcrübə mübadiləsi çox vacibdir”. R. Sivord deyib ki, konfransda Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməyəcək, yalnız hərbçilər və hökumət arasındakı münasibətlər diqqət mərkəzində olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR