Böyük Britaniya və İsveçin ATƏT-dəki nümayəndələri Azərbaycanda mətbuatın vəziyyəti ilə maraqlanıblar

Böyük Britaniya və İsveçin ATƏT-dəki nümayəndələri Azərbaycanda mətbuatın vəziyyəti ilə maraqlanıblar
# 20 aprel 2007 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün onlar APA, Turan agentlikləri və Ayna-Zerkalo qəzetlərinin nümayəndələri ilə görüşüblər. Müzakirələrdə Avropa Şurasının Azərbaycanda mətbuatla bağlı bəyanatları ilə bağlı müzakirələr aparıblar. Görüşdə iştirak edən “Ayna-Zerkalo” qəzetinin nümayəndəsi KİV nümayəndələri mətbuata təzyiqin azaldılması məqsədilə bu sahəyə cavabdeh dövlət məmurlarına qarşı konkret addımlar atmaq, məsələn Avropa ölkələrinə səfər etmək üçün onlara viza verməməyi təklif edib. Britaniyalı diplomat isə Bakıda akkreditə olunmuş diplomatik korpusun Azərbaycan rəhbərliyinə insan haqlarının qorunması prinsipinin stabilliyin vacib tərkib hissəsi olması barədə həmişə mesaj verdiklərini deyib. Qonaqlar Avropanın siyasi paytaxtları hesab olunan Vyana, Brüssel və Strasburq kimi mərkəzlərdə Azərbaycanla bağlı məlumatların olduqca az olduğunu da deyiblər. KİV nümayəndələri həmçinin Avropa qurumlarını Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə əməkdaşlığa çağırıblar.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr aparılıb. Alastar Lonq münaqişənin yaxın zamanlarda həlli variantını görmədiyini deyib. Münaqişənin həllini yalnız ərazi bütövlüyünün qorunması prinsipi əsasında gördüyünü deyən britaniyalı diplomat, Dağlıq Qarabağın Ermənistana birləşməsi variantının heç cür mümkün olmadığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR