Hazırda xarici ölkələrdə Azərbaycanın 55 diplomatik nümayəndəliyi fəaliyyət göstərir

Hazırda xarici ölkələrdə Azərbaycanın 55 diplomatik nümayəndəliyi fəaliyyət göstərir
# 05 sentyabr 2007 15:53 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Vaqif Sadıxov məlumat verib. V. Sadıxov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Azərbaycanın xarici ölkələrdə daha 6-7 diplomatik nümayəndəliyi açılacaq. Belə ki, Meksika, Argentina, Suriya və Xorvatiyada səfirlik, Yekaterinburqda baş konsulluq, Mahaçqalada isə nümayəndəlik fəaliyyətə başlayacaq. Bir-iki həftəyə isə Azərbaycanın Litva, Qırğızıstan, Qatar və Tacikistana təyin olunmuş səfirləri rəsmi olaraq fəaliyyətə başlamaq üçün bu ölkələrə yola düşəcəklər. V. Sadıxov son illərdə xaricdəki səfirliklərin sayının artmasını Azərbaycanın surətli iqtisadi inkişafı ilə əlaqələndirib. Nazir müavini həmçinin deyib ki, hazırda Azərbaycanda 30-dan çox xarici ölkə səfirliyi, 2 baş konsulluq, 13 nümayəndəlik, 7 fəxri konsulluq fəaliyyət göstərir və 3-4 yeni səfirliyin açılacağı gözlənilir. Xaricdə çalışan Azərbaycan diplomatlarının digər diplomatlardan az maaş almalarına dair sualı cavablandıran V. Sadıxovun sözlərinə görə, diplomatların maaşı çalışdıqları ölkənin iqtisadi vəziyyətindən asılıdır: “Azərbaycan diplomatlarının maaşı çalışdıqları ölkədə normal yaşamağa imkan verir”. Səfirlərin ezamiyyət müddəti ilə bağlı suala cavab verən V. Sadıxov bu müddətin 5 il olduğunu açıqlayıb. Lakin bəzən vəziyyətdən, ilk növbədə işin keyfiyyətindən asılı olaraq bu müddət az və ya çox da ola bilər. O, Hafiz Paşayevin 14 il Azərbaycanı ABŞ-da təmsil etdiyini xatırladıb. Bununla yanaşı, cəmi 1-2 il çalışan səfirlərimiz də olub. /APA/











#
#

ƏMƏLİYYAT İCRA OLUNUR