Elin Süleymanov: “Azərbaycan diasporu ABŞ-ın siyasi həyatında daha aktiv iştirak etməlidir”

Elin Süleymanov: “Azərbaycan diasporu ABŞ-ın siyasi həyatında daha aktiv iştirak etməlidir”
# 07 sentyabr 2007 08:25 (UTC +04:00)
- ABŞ-ın Qərb sahilində nə qədər azərbaycanlı yaşayır? Onların hamısı ABŞ vətəndaşıdırmı?
- Qeyd etdiyiniz bölgədə yaşayan azərbaycanlıların sayı ilə əlaqədar heç bir hesabat aparılmır, bu səbəbdən konkret nə isə demək çətindir. ABŞ-da mütəmadi olaraq əhalinin siyahıya alınması prosesi gedir, lakin azərbaycanlılar bu prosesdə çox passiv iştirak edirlər. Digər tərəfdən azərbaycanlılardan çox az qismi əhalinin siyahıya alınması zamanı öz milliyyətini azərbaycanlı kimi göstərir. ABŞ-da azərbaycanlılar əsasən Vaşinqton, Nyu-York və Los-Ancelesdə toplu şəkildə məskunlaşıblar. Kaliforniyada azərbaycanlıların üç təşkilatı Şimali Kaliforniya Mədəniyyət Mərkəzi, Amerika-Azərbaycan Şurası və “Azərbaycan Ocağı” təşkilatı fəaliyyət göstərir. Bundan başqa bu ştatda Cənubi Azərbaycandan olan çoxlu sayda azərbaycanlı yaşayır. Onların əksəriyyəti özünü azərbaycanlı deyil, iranlı sayırlar. Biz buna qarşı çıxmırıq və separatçı ideyalarla çıxış etmirik, lakin yaxşı olardı ki, mədəniyyət məsələlərində, yaxud Dağlıq Qarabağ münaqişəsində onlardan hansısa formada dəstək alaq. ABŞ-da yaşayan azərbaycanlıların heç də hamısı bu ölkənin vətəndaşı deyil, onların çoxu Birləşmiş Ştatlarda “Green Card”la yaşayırlar.
- Los-Ancelesdə yaşayan azərbaycanlıların hansısa problemləri mövcuddurmu? Onların ermənilərlə problemləri yaranmır ki?
- Mövcud problemlər əsasən texniki xarakterlidir. Bizim vətəndaşlara çox zaman pasportu dəyişmək lazım olur, bu isə çox uzun prosesdir. Düzdür, bunlar həll olunan problemlərdir, lakin müəyyən əsəb tələb edir. Ermənilərə gəldikdə, isə onlar Kaliforniyada çoxdur. Elə şəhərlər var ki, əhalisinin əksəriyyətini ermənilər təşkil edir. Bizim diasporun onlara qarşı çıxmaq imkanı yoxdur diasporumuz gəncdir və siyasi dairələrdə zəif təmsil olunub. Bələdiyyə rəhbərliyində, ştat qurumlarında isə ermənilər kifayət qədər təmsil olunublar. Hesab edirəm ki, bizim diasporun nümayəndələri ABŞ-ın siyasi həyatında daha aktiv iştirak etməli, hətta Azərbaycana birbaşa aidiyyəti olmayan məsələlərdə - humanitar, ekoloji xarakterli aksiyalarda fəallıq nümayiş etdirməlidir. Biz öz diasporumuzdan daha böyük dəstək görmək istəyirik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq biz maliyyə dəstəyinə ehtiyac duymuruq, bizə sadəcə həmrəylik lazımdır.
- Erməni diasporu ilə toqquşmalar olurmu? Türk diasporu ilə münasibətlər hansı formada qurulub?
- Mən bunu toqquşmalar adlandırmazdım. Məsələn, belə hadisələrdən biri mayın 28-də olub. Həmin gün həm Azərbaycanda, həm də Ermənistanda Respublika günüdür. ABŞ-da isə bu gün Yadetmə Günü kimi qeyd olunur. Həmin gün azərbaycanlıların Şimali Kaliforniya Mədəniyyət Mərkəzinin açılışı oldu. Ermənilər mayın 28-də özlərinin, yaxud ABŞ-ın bayramını qeyd etmək əvəzinə, azərbaycanlıların tədbirinə qarşı aksiya keçirdilər. Məni təəccübləndirən məqamlardan biri ermənilərin aksiyada qaldırdığı plakatlarda Naxçıvana qarşı ərazi iddiaları üstünlük təşkil edirdi. Bu kimi problemlər həm də erməni diasporunu narahat etməlidir. Türk diasporuna gəlincə, demək istəyirəm ki, bu icma ilə, o cümlədən Türkiyənin Los-Ancelesdəki konsulluğu ilə sıx əlaqələrimiz mövcuddur. Biz onların, onlar isə bizim keçirdiyimiz tədbirlərdə aktiv iştirak edirlər. Biz həmişə bir-birimizi dəstəkləmişik. Bundan başqa bizim yəhudi icması ilə də yaxşı münasibətlərimiz var.
- Los-Ancelesdə Azərbaycanla bağlı hansısa iqtisadi, yaxud mədəni tədbirlər keçirilirmi?
- Əlbəttə. Məsələn, bu yaxınlarda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Los-Ancelesdə biznes-forum keçirdi. Azərbaycan Mədəniyyətinin Dostları Fondu isə yazıçı, publisist, politoloq Tomas Qoltsla görüş təşkil edib. Azərbaycanda səfərdə olmuş Karen Kobliç sentyabrın 8-də Los-Ancelesdə xalça sərgisi təşkil edəcək. Biz həmin tədbirə Azərbaycandan musiqiçilər göndərmək niyyətindəyik.
- Məşhur Silikon vadisi məhz ABŞ-ın Qərb sahillərində yerləşir. Orada fəaliyyət göstərən şirkətlər Azərbaycanla əməkdaşlıq etmək istəyirlərmi?
- Bəli, mən bu sahədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun aktiv fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. O, iki dəfə Kaliforniyada olub, San-Xose və Los-Ancelesdə görüşlər keçirib, CISCO, HP, Intell, Microsoft şirkətləri ilə danışıqlar aparıb. Hesab edirəm ki, bu danışıqlar məhsuldar əməkdaşlığa səbəb olacaq.
- Yerli mətbuatın Azərbaycana marağı hiss olunurmu?
- Əlbəttə, maraq var. Mən dəfələrlə yerli radiolara müsahibə vermişəm, bu günlərdə isə “Ontario” qəzetində müsahibəm dərc olunub. Jurnalistləri daha çox maraqlandıran Azərbaycanın İran və Rusiya ilə münasibətləri, Qəbələ radiolokasiya stansiyası məsələsi, İsraillə əməkdaşlıq, Azərbaycanda islam dini və s. məsələlərdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR