İran səfiri: “Xəzəryanı ölkələrin dövlət başçılarının Tehranda keçiriləcək zirvə görüşü çox mühüm məsələlərə aydınlıq gətirəcək”

İran səfiri: “Xəzəryanı ölkələrin dövlət başçılarının Tehranda keçiriləcək zirvə görüşü çox mühüm məsələlərə aydınlıq gətirəcək”
# 11 oktyabr 2007 10:16 (UTC +04:00)
- Cənab səfir, bəzi siyasətçilərin proqnozlarına görə, oktyabrın 16-da Tehranda keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü formal xarakter daşıyacaq, Xəzərin statusu məsələsində heç bir ciddi irəliləyişə nail olunmayacaq. Siz bu fikirlə razısınızmı?
- Xəzəryanı dövlətlərin başçıları oktyabrın 16-da Tehranda toplaşaraq, Xəzərin statusuna dair məsələləri müzakirə edəcəklər. Tehran sammiti böyük bir iradənin təzahürüdür. Lakin bəzi qərəzli şəxslər belə müsbət halları görmək istəmirlər. Qeyd etmək istərdim ki, gözlənilən zirvə görüşü çox mühüm məsələlərə aydınlıq gətirəcək. Biz bu görüş çərçivəsində Xəzəryanı dövlət başçılarının, xarici işlər nazirlərinin və yüksək səviyyəli mütəxəssislərin bu sahədə gördüyü işlərin şahidi olacağıq.
- Sammitin gündəliyinə hansı məsələlər daxil edilib?
- Xəzərin statusu məsələsi ancaq bir zəmində baxılmır, enerji resurslarının daşınmasından tutmuş, ekologiya, enerji sahəsində əməkdaşlıq, hətta təhlükəsizlik məsələləri də buraya daxildir. Buna görə düşünürəm ki, Tehran zirvə görüşündə bütün bu məsələlərə diqqət yetiriləcəkdir.
- Sammitdə prezidentlər tərəfindən Birgə bəyannamənin imzalanması gözlənilir. Bəyannamənin mətni artıq razılaşdırılıbmı?
- Protokola əsasən, bu məsələlərə XİN ekspertləri səviyyəsində baxılır. Artıq bu sahədə müəyyən işlər görülüb və bu istiqamətdə işlər davam etdirilir.
- İranın Xəzərin statusuna dair mövqeyi necədir? Rəsmi Tehran əvvəlki kimi yenə də Xəzərin bərabər hissələrə - hər ölkəyə 20% - bölünməsinin tərəfdarıdır?
- Bu məsələnin əhəmiyyətinə görə İran tərəfindən yüksək səviyyədə bir nümayəndə təyin olunub, bu istiqamətdə işlər aparılır. İran tərəfdən xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi cənab Mehdi Səfəri bu işlərlə məşğuldur. Mənim məlumatıma görə, hər iki tərəf Xəzərə aid məsələləri konstruktiv şəkildə müzakirə edir, bütün aspektlər üzrə - Xəzərin ekologiyası, Xəzər dənizinin ədalətli istifadəsi və s., ilə bağlı iş aparılır, hər iki tərəfin ekspertləri çox yaxşı işləyirlər.
- Tehran görüşü çərçivəsində çox güman ki, ikitərəfli görüşlər də keçiriləcək. Bu görüşlər zamanı enerji sahəsində əməkdaşlıq müzakirə mövzusu ola bilərmi? Bundan başqa, Rusiya və ABŞ-ın Qəbələ RLS-dən birgə istifadəsinə dair İranın mövqeyi ilə bağlı müzakirələr aparılması gözlənilirmi?
- İkitərəfli görüşlərin keçirilməsi tərəflərin niyyətindən asılıdır. İstənilən vaxt belə görüşlər keçirilə bilər. Qəbələ RLS-lə bağlı suala gəldikdə, düşünürəm ki, Qəbələ stansiyası kimi obyektlərin xeyri olsaydı, keçmiş Sovet sistemi çökməzdi. Mənim düşüncələrimə görə, RLS-in Rusiya tərəfindən istismar müddəti başa çatandan sonra Azərbaycan stansiyanın mənfəətsizliyini başa düşüb, onu dağıdacaq, fəaliyyətinə xitam verəcək. Mən əvvəl verdiyim müsahibələrdə də bu fikri söyləmişəm. Ancaq mənim bu fikirlərim yanlış olaraq belə təqdim olunub ki, guya mən Azərbaycanın ərazisində yerləşən bu stansiyanı Rusiyanın dağıdacağını demişəm. Mən heç vaxt belə ifadələr işlətmərəm. Çünki Azərbaycan müstəqil dövlətdir və heç bir dövlət onun işlərinə, mülkiyyətinə müdaxilə edə bilməz. O ki qaldı İranın enerji sahəsindəki əməkdaşlığına və xüsusən o məsələyə ki, İran blokada vəziyyətinə düşsə nə edəcək, demək istərdim ki, İran artıq neçə illərdir, blokada vəziyyətində yaşayır. Və bu siyasət Amerika tərəfindən keçirilir. Lakin bu siyasətin elə ən böyük zərərini də onlar özləri çəkirlər, çünki şirkətlərini İran şirkətləri ilə əməkdaşlıqdan məhrum ediblər. Təbii ki, İrana qarşı yürüdülən bu siyasətin ölkəmizə müəyyən mənfi təsiri olur, amma bunun miqyası onların istədikləri qədər deyil. İran İslam Respublikası enerji sahəsində əməkdaşlığa çox böyük önəm verir, azad və müstəqil dövlətlərlə əməkdaşlıq edir, hətta bəzi Amerika şirkətləri ilə də əlaqələr qurur.
- İranın Xəzər enerji resurslarının Avropaya daşınması məsələsində mövqeyi necədir?
- Biz hesab edirik ki, iqtisadi və ekoloji təhlükəsizlik baxımından ən sərfəli və ən qısa yol İran ərazisindən keçir. Düzdür, bəzi qüvvələr tərəfindən irəli sürülən və daha yüksək qiymətlərlə fərqlənən başqa layihələr də var. Amma İran tərəfi hesab edir ki, belə layihələr Xəzərin ekologiyasına təhlükə yaradır. Ona görə də biz enerji daşıyıcıların qeyri-səmərəli yollarla yox, iqtisadi cəhətdən sərfəli və ekoloji cəhətdən təhlükəsiz yollarda nəqlinə tərəfdarıq. Enerji daşıyıcılarını İran ərazisindən Türkiyəyə, oradan da Avropaya nəql etmək daha əlverişli variantdır.
- Sizcə, bəzi dövlətlərin region ölkələrinə təsiri varmı və Xəzərin statusu məsələsində bu təsir özünü göstərirmi?
- Mən əminəm ki, heç bir dövlət İran və Azərbaycan arasında ikitərəfli əlaqələrinin inkişafına xətər gətirə bilməz. Ona görə ki, hər iki dövlət bu münasibətlərə çox ciddi yanaşır. Həm İran, həm də Azərbaycan bir dövlət kimi öz xeyir və mənfəətlərini çox gözəl başa düşür. Mən hansısa qüvvələrin Azərbaycan Cümhuriyyətini tez bir zamanda öz təsir dairəsinə sala biləcəyinə inanmıram. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR