Elin Süleymanov: “ABŞ Konqresinin qərarı İraq müharibəsinə və ABŞ-ın regionda siyasi kursuna uzunmüddətli mənfi təsir göstərəcək”

Elin Süleymanov: “ABŞ Konqresinin qərarı İraq müharibəsinə və ABŞ-ın regionda siyasi kursuna uzunmüddətli mənfi təsir göstərəcək”
# 16 oktyabr 2007 08:05 (UTC +04:00)
- ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin qondarma “erməni soyqırımı” barədə 106 saylı qətnamə layihəsinin qəbulunu necə dəyərləndirirsiniz?
- Qəbul olunan qərar əlbəttə ki, məyusedicidir. Qərarın müqəddəs Ramazan ayında reallaşması ikiqat təsiredicidir. Reallığa baxsaq, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin məlum addımı ABŞ-ın bütövlükdə Yaxın Şərq regionunda maraqlarına tam ziddir. Bu qərar dar çərçivəli xüsusi maraq qrupunun Amerikanın milli maraqlarına qalib gəlməsinin təzahürüdür. Əmin deyiləm ki, qondarma “erməni soyqırımı” barədə qətnamə layihəsi Nümayəndələr Palatasında səsverməyə çıxarılaraq qəbul olunacaq. Lakin xarici əlaqələr komitəsinin addımı artıq mənfi hisslərin yaranmasına səbəb olub. Vacib məqam odur ki, 106 nömrəli qətnamə layihəsi Azərbaycana qarşı qəbul olunan ədalətsiz “Azadlıq Aktına 907-ci düzəliş” kimidir və rəsmi Vaşinqtonun Ermənistanla Azərbaycan arasında tərəfsiz vasitəçiliyi barədə suallar yaradıb. Oktyabrın 10-da Konqresdə baş tutan səsvermə xarici siyasətlə yox, daha çox daxili siyasi məqamlara bağlı idi. Bu faktı ölkənin çoxsaylı ekspertləri də etiraf edirlər. Demokratların çoxluq təşkil etdiyi ali qanunvericilik orqanı Ağ Evlə strateji məsələlərdə razılıq əldə edə bilmədiyi üçün artıq Osmanlı İmperiyasının tarixinə müdaxilə etməyə başlayıb. Bu qərarın ABŞ və Türkiyəyə, hətta ermənilərə belə xeyir verəcəyinə inanmıram. Çünki yaranmış vəziyyət Ermənistanın regionda daha da təcrid olunmasına gətirib çıxaracaq. Bütün bu prosesdə udan yalnız erməni diaspor təşkilatlarıdır. İndi Amerikanın ictimai fikrinin formalaşdırılması üçün üzün müddətli və davamlı fəaliyyətə ehtiyac var. Nəzərə almalıyıq ki, ermənilər həm Vaşinqtonda lobbi işini qurmaq, həm də ayrı-ayrı ştatlarda icmalarını inkişaf etdirməklə uğur qazanıblar. Həm Azərbaycan, həm də türklərə bütün ştatlarda fəaliyyət göstərən, yerli siyasi dairələrlə işləyən icmalar lazımdır. Söhbət Vaşinqtonda lobbiçilik fəaliyyəti, Amerikanın ştatlarında isə yerli icmaların inkişaf etdirilməsindən gedir. Biz tez-tez fikirləşirik ki, lobbiçilik və diaspora quruculuğu eyni məfhumlardır, amma bu, belə deyil. Öz maraqlarının qorunmasında üçüncü qüvvəyə bel bağlamaq düz olmaz. ABŞ-da türklər və ermənilər say baxımdan təxminən eyni miqdardadır. Ona görə də icmaların təşkilatlanması əsas hədəf olmalıdır. Bu, güclü təşkilat qurmaq və aktiv siyasi fəaliyyətlə məşğul olmaq istəyən Amerika azərbaycanlıları üçün də dərs olmalıdır. İcmaların bir məqsədə çatmaq üçün fəaliyyət göstərməsi, habelə siyasi və digər səbəblərin onların birliyinə zərbə vurmasına yol verməməsi çox vacibdir.
- Konqresin məlum qərarından sonra ABŞ-dakı türk diasporunun öz taktikasını dəyişməsinə ehtiyac varmı?
- Siyasi maraqlara görə tarixə qanun donunun geyindirilməsi çox təhlükəli tendensiyadır, belə addımlar tarixi dəqiqlik məsələsinə ciddi zərbə vurur. Konqresin bir çox üzvləri 106-cı qətnamə layihəsinə ona görə qarşı çıxmırlar ki, tarixdə belə hadisə baş verməyib. Konqresmenlər məlum qətnamənin Amerikanın milli maraqlarına xidmət göstərmədiyini deməklə kifayətlənirdilər. Amerikanın milli maraqları vacib məsələdir, lakin daha vacib olan həmin qətnamə layihəsinin şübhəli tarixi “faktlara” əsaslanması idi. Hətta deyə bilərik ki, 1915-ci il hadisələri beynəlxalq aləmdə “soyqırım” sözünün qəbul olunmuş təsnifatına cavab vermir. Konqresin bəzi üzvləri 106-cı qətnamə layihəsinin müzakirəsi zamanı guya Hitlerə məxsus olan və ermənilər barədə dediyi “ifadə”ni də çox təkrar edirdilər. Bu ifadə yəhudi icması üçün yaxşı arqument ola bilər. Çünki həmin ifadənin Hitler tərəfindən deyilməsini sübut edən heç bir tutarlı və konkret fakt yoxdur. Buna görə türk icması hadisələri qabaqlama tempində işləməlidir ki, onlar tarixi daha dolğun çatdırsınlar və siyasi-hərbi əməkdaşlıq arqumentinə daha ehtiyac qalmasın. Bu məqsədə nail olmaq üçün ABŞ alimləri və universitetlərində işlər aparılmalıdır. Son olaraq, türk icmaları məlum hadisələr barədə tam məlumatlı olmalıdır ki, öz mənafelərini daha aktiv qoruya bilsinlər. Türkiyənin iqtisadi embarqosu və Ermənistanla diplomatik münasibətlərin olmaması çox vaxt gündəliyə gətirilir. Lakin bunun Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan torpaqlarının rəsmi İrəvan tərəfindən işğal olunması səbəbindən baş verdiyi geniş müzakirə olunmur. Ermənistanın işğalçı mahiyyəti, insan hüquqlarının tapdalaması və təcavüzkar siyasəti ifşa olunmalı, bunun üçün azərbaycanlı və türk icmaları aktiv çalışmalıdır.
- Amerikalı konqresmenlər üçün daha vacib olan nədir: seçicilərin maraqlarını qorumaq, yoxsa xarici siyasətə aid məsələlərdə Amerikanın milli maraqlarını müdafiə etmək?
- Bu, maraqlı sualdır. Əgər Nümayəndələr Palatasında 106-cı qətnamə layihəsi ilə bağlı aparılan səsverməni nəzərə alsaq, bu halda bütün seçicilər deyil, onların müəyyən qisminin maraqlarının ölkənin milli maraqlarından üstün tutulduğunu görə bilərik. Seçkilər ərəfəsində Amerikada yerli siyasətçilər üçün daxili məsələlər tarixi dəqiqlik və ya milli maraqlardan daha vacib sayılır. Bu, azərbaycanlılar üçün daha bir dərs olmalıdır. Yəni, konqresmenləri realist olmağa çağırmaq, və ya Amerikanın milli maraqlarına işarə etmək kifayət deyil.
- Komitədə keçirilən səsvermə zamanı Kaliforniyadan olan konqresmenlərin hamısı bu qətnamə layihəsini dəstəklədilər. Məlum qətnamə layihəsinin həmmüəllifi Kaliforniyadan olan konqresmen Adam Şifdir. Bunları nəzərə alaraq, Kaliforniyaya daha çox diqqət ayrılması fikri ilə razısınızmı?
- Əlbəttə Qərb ştatları, xüsusən də Kaliforniyanın əhəmiyyəti sürətlə artır. Digər məqamlarla yanaşı Kaliforniya ştatının iqtisadi gücü vacib məqamdır. Buna görə də bu regiona daha çox diqqət ayrılması labüddür. Azərbaycan rəhbərliyi bu məqamı yaxşı başa düşür və ona görə də 2006-cı ildə Los-Ancelesdə baş konsulluğun açılması barədə qərar verilib. Eyni zamanda Kaliforniya bir çox Azərbaycan və Türkiyə icmalarının evidir. Buna misal olaraq İrvine şəhərində mənzil qərargahı olan Azərbaycan Amerika Şurası və San Fransiskoda fəaliyyət göstərən Amerikanın Şimali Azərbaycan Mədəniyyət Mərkəzini qeyd edərdim. Ümüd edirəm ki, bu cəmiyyətlər bundan sonra daha aktiv olacaqlar.
- 106-ci qətnamə layihəsinin əsas müdafiəçiləri iddia edirlər ki, Fransa parlamentinin qondarma soyqırımı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanunun qəbulundan sonra iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Fransada baş verənləri Amerika reallığı ilə müqayisə etmək nə qədər düzdür?
- Əgər Fransa qətnaməsi tarixi həqiqətləri əks etdirməkdə səhv buraxıbsa, bu o demək deyil ki, ABŞ-da eyni hadisə baş verməlidir. Türkiyə ABŞ-ın strateji müttəfiqidir və buna görə də fəsadlar Fransa hadisəsindən fərqli ola bilər. Fransa Avropa Birliyinin üzvüdür, bu isə Türkiyənin həmin qurumla münasibətlərinə təsir edir. Lakin ABŞ-la olan əlaqələr daha strateji xarakter daşıyır. Mən rəsmi Vaşinqtonla hərbi sahədə olan geniş əməkdaşlığı xüsusi qeyd edərdim. Fransa parlamentinin məlum qərarından sonra Fransa Hərbi Hava Qüvvələri Türkiyənin hava məkanından istifadə edə bilmirlər. Burada vacib olan məqam odur ki, Türkiyə hökuməti çox çətin reallıqla üzləşib. Bir tərəfdən onlar ABŞ-la vacib olan strateji əməkdaşlığı qorumalı, digər tərəfdən isə əhalinin məlum hadisədən sonra ciddi narazılığını nəzərə almalıdır. Rəsmi Ankara bir sıra ciddi bəyanatlar verib və görünür ki, onlar öz sözlərinə sona kimi sadiq qalacaqlar. Çünki Türkiyə öz mövqeyindən geri çəkilsə, Fransa parlamentində qəbul olunan qanundan sonra yaranan vəziyyət daha geniş formada təkrarlana bilər. Maraqlıdır ki, ABŞ Konqresində son hadisələr iki ölkə arasında İraq müharibəsinin başlanğıcında yaranmış anlaşmanın aradan qalxması dövrünə təsadüf etdi. Təəssüflər olsun ki, Konqres üzvləri ölkəni regionda yeganə müsəlman müttəfiqindən uzaqlaşdırmağa və Amerikanpərəst qüvvələrin zəiflədilməsinə səbəb oldular. Rəsmi Ankaranın məlum qərara göstərəcəyi istənilən münasibətdən asılı olmayaraq, konqresmenlərin mövqeyi İraq müharibəsinə və ABŞ-ın regionda siyasi kursuna uzunmüddətli mənfi təsir göstərəcək. 2009-cu ildə Ağ Evə sahib çıxacaq istənilən şəxs bir müddət bu çətinliklərin aradan qaldırılması ilə məşğul olmağa məcbur qalacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR