Andar Şukputov: “Azərbaycan musiqisi, mədəniyyəti və ədəbiyyatını heç zaman unutmayacağam” - eksklüziv

Andar Şukputov: “Azərbaycan musiqisi, mədəniyyəti və ədəbiyyatını heç zaman unutmayacağam” - eksklüziv
# 25 oktyabr 2007 08:39 (UTC +04:00)
Qazaxıstan Respublikasının Azərbaycanda sabiq fövqəladə və səlahiyyətli səfiri Andar Şukputov səlahiyyət müddətinin başa çatması münasibətilə media nümayəndələri üçün vidalaşma mərasimi təşkil edib. Qeyd edək ki, Andar Şukputov iki ölkə arasında əlaqələrin inkişafında xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Səfir səlahiyyət müddətinin başa çatması ilə əlaqədar APA-ya eksklüziv müsahibə verib:

- Uzun illər Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri kimi iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafını necə dəyərləndirirsiniz?
- Mən Azərbaycanda səfir kimi fəaliyyətimə 2002-ci ilin dekabrında başlamış, o zaman etimadnaməmi mərhum prezident Heydər Əliyevə təqdim etmişəm. Bu insan elə ilk baxışdan mənə xoş gəldi, mənə onunla birgə çalışmaq qismət olub. Heydər Əliyev həmişə deyirdi ki, biz qardaş xalqların nümayəndəsiyik, o, Nursultan Nazarbayevi qardaşı adlandırırdı. Heydər Əliyev Qazaxıstanda milli bayram olan gün vəfat etdi, milli bayrama baxmayaraq, Nursultan Nazarbayev dəfn mərasimində iştirak etmək üçün Bakıya ilk gələnlərdən biri idi. Mən səfir kimi öz fəaliyyətimə qiymət vermək istəmirəm, işi mütləq dəyərləndirmək lazımdır. Bu illər ərzində prezident İlham Əliyevin Qazaxıstana dörd səfəri olub, səfərlər zamanı çoxsaylı sənədlər imzalanıb. Biz üç iri layihədə birgə çalışırıq. Transxəzər boru kəmərlərini tədqiq edir, Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri və Bakı-Tiflis-Qars dəmiryolu layihəsi üzrə əməkdaşlıq edirik. Xəzəryanı ölkələrin Tehran sammitində Qazaxıstan və Azərbaycan həmrəylik nümayiş etdirdilər. Bütün bu amillər qarşılıqlı münasibətlərimizin aktivliyindən xəbər verir.
- Bu müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sizi qane edirmi?
- Mənim səfir kimi çalışdığım dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi iki dəfə artaraq 300 milyon dollara çatıb. Lakin prezident İlham Əliyevin avqustda ölkəmizə səfəri zamanı hər iki ölkənin dövlət başçıları bu rəqəmin kifayət etmədiyini, ticarət dövriyyəsinin illik həcmini 1 milyard dollara çatdırmağın zəruriliyini qeyd ediblər. Məni bu posta əvəzləyəcək səfir və yeni vəzifəmlə mən bu hədəfə nail olmağa çalışacağıq.
- Bundan sonra hansı vəzifədə çalışacaqsınız?
- Prezident Nursultan Nazarbayevin sərəncamı ilə mən milli şirkətin “Batıs” sosial-sahibkarlıq korporasiyasının İdarə Heyətinin sədri təyin olunmuşam. Yeni yaradılmış bu dövlət strukturu Şərqi Qazaxıstanda həyata keçirləcək iqtisadi layihələrin koordinasiyası ilə məşğul olacaq. Bu səbəbdən də strukturun mərkəzi ofisi Aktyubinsk şəhərində yerləşəcək. Ümidvaram ki, mən azərbaycanlı həmkarlarımla orada da əməkdaşlıq edə biləcəyəm.
- Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız? Daha çox yadınızda nə qalıb?
- Mən ölkənizdə çoxlu sayda gözəl insanlarla dövlət xadimləri, mədəniyyət işçiləri, yazıçılarla tanış olmuşam. Mənim və həyat yoldaşımızın bu insanlarla çox isti dostluq münasibətləri yaranıb, əminəm ki, bu münasibətlər gələcəkdə də davam edəcək. Azərbaycan musiqisi, mədəniyyəti, ədəbiyyatı mənim çox xoşuma gəlir və bunu heç zaman unutmayacağam. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR