Türkiyənin Azərbaycandakı səfiri cənub bölgəsinə gedib

Türkiyənin Azərbaycandakı səfiri cənub bölgəsinə gedib
# 30 noyabr 2007 14:33 (UTC +04:00)
Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu cənub bölgəsinə səfər edib. APA-nın cənub bürosunun xəbərinə görə, xarici diplomat öncə Lənkəran Özəl Türk Liseyinə gedərək, burada yaradılmış şəraitlə yaxından tanış olub. Liseyin müdiri Abdulla Kural rəhbərlik etdiyi təhsil ocağının qazandığı uğurlar barədə H.A.Karslıoğluna məlumat verib. Türkiyə səfiri sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Süleyman Mikayılov tərəfindən qəbul olunub. İcra başçısı son zamanlar həyata keçirilən abadlıq-quruculuq işləri, rayonun iqtisadi imkanları haqqında söz açaraq, hörmətli qonağın diqqətini Lənkəranın investisiya qoyuluşu üçün əlverişli məkan olmasına yönəldib. H.A.Karslıoğlu isə öz növbəsində türk iş adamlarının cənub bölgəsində turizmin, kənd təsərrüfatının, o cümlədən çayçılığın inkişafında maraqlı olduqlarını bildirərək, bu işin gerçəkləşməsindən ötrü səy göstərəcəyini vəd edib. Türkiyə diplomatı Astaraya gedərkən yolüstü tikintisində türk inşaatçılarının da çalışdığı Lənkəran Hava Limanına da baş çəkib. Sabah isə H.A.Karslıoğlu cənub bölgəsinin gəzməli, görməli yerləri ilə tanış olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR