İraq səfiri Ərşad İsmayıl Ömər: “Azərbaycan şirkətlərinin İraq iqtisadiyyatının ən müxtəlif sektorlarında çalışmasını arzulayırıq”

İraq səfiri Ərşad İsmayıl Ömər: “Azərbaycan şirkətlərinin İraq iqtisadiyyatının ən müxtəlif sektorlarında çalışmasını arzulayırıq”
# 31 yanvar 2008 12:39 (UTC +04:00)
- Azərbaycanın İraqa səfir təyin etməsi iki ölkə arasında əlaqələrin inkişafına necə təsir göstərəcək?
- Biz bu təyinatı çox böyük addım kimi qiymətləndirir, buna görə Azərbaycan rəhbərliyinə minnətdarlıq bildiririk. Bu, gözəl bir addımdır, inşallah gələcəkdə iqamətgahı İraqda olan səfirliyin fəaliyyətə başlayacağına güman edirik. İraq hökumət buna böyük bir iş kimi baxır, biz belə addımların atılmasına möhtacıq, istəyirik ki, başqa dövlətlər də İraqa səfir təyin etsinlər. İraqın Azərbaycanda diplomatik missiyası çoxdan yaranıb, hələ SSRİ dövrində Bakıda İraqın baş konsulluğu fəaliyyət göstərib.
- İraqdakı daxili vəziyyət ikitərəfli əlaqələrin yaradılması və inkişafına imkan verirmi ?
- Başqa ölkələr, xüsusən də İraqla sərhəd olan ölkələrlə əlaqələrimiz var, hökumətlərarası protokollar imzalanıb, bu yaxınlarda Azərbaycan ilə iqtisadi və digər sahədə əməkdaşlığa dair bir protokol imzalanacaq. Bu sənəd hazırda baxılmaq üçün Nazirlər Kabinetinə göndərilib.
- İraqla Azərbaycan arasında hansı sahələrdə əməkdaşlıq imkanları mövcuddur?
- İqtisadi sahədə əməkdaşlıq üçün çox imkanlar var. Xüsusən neft sahəsində, çünki hər 2 ölkə neft istehsal edir. Azərbaycanın Neft Akademiyası İraqa bu sahədə köməklik göstərə bilər. Sovet dövrində bir çox iraqlı bu ali məktəbdə təhsil alıb. Bir neçə il əvvəl Rusiyanın “LUKoil” şirkətinin xətti ilə orada 24 tələbə təhsil alırdı, lakin yaşayış yeri ilə yaranmış problemlə əlaqədar onlar təhsillərini Moskvada davam etdirdilər. Amma hazırda Azərbaycan Tibb Universitetində 42 iraqlı tələbə oxuyur.
- “LUKoil” artıq İraqda fəaliyyətini bərpa edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də İraqda işləmək arzusunu bildiribmi?
- “LUKoil” İraqda hələ Səddam Hüseynin dövrində fəaliyyətə başlamışdı, bir çox layihə həyata keçirirdi, indi yenidən fəaliyyətini bərpa edib. Mən ARDNŞ rəhbərləri ilə görüşmüşəm, onları İraqda işləməyə dəvət etmişəm. Biz istərdik ki, Azərbaycan şirkətləri İraqın yalnız neft sektorunda deyil, tikinti, iqtisadiyyat və digər sektorlarda da fəaliyyət göstərsinlər. Hazırda İraqda Türkiyənin 500-600 şirkəti çalışır, İran, İordaniya, Suriya, Misirin şirkətləri fəaliyyət göstərir. Bəziləri İraqdakı daxili vəziyyətlə bağlı təhlükəsizlik baxımından riski qəbul edir, bəziləri isə yox.
- Azərbaycan zəvvarları İraqın müqəddəs yerlərini ziyarət etmək imkanını nə vaxt əldə edəcək?
- İraqın Kərbəla, Nəcəf şəhərlərinə dünyanın çox yerindən zəvvarlar gəlir. Belə səfərlərin təşkili üçün İraqla İran arasında anlaşma var. Keçən il İrandan İraqa hər gün 1500-2000 zəvvar gəlirdi, indi İran bu rəqəmi 5 minə qaldırmaq istəyir. Təhlükəsizlik baxımından Azərbaycandan birbaşa İraqa zəvvarlar getmir, amma İran vasitəsilə Azərbaycan vətəndaşları İraqın müqəddəs yerlərini ziyarət edirlər. İraq Turizm Nazirliyi Azərbaycanın turizm şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır.
- Azərbaycanın sülhməramlı qüvvələrinin İraqdakı fəaliyyətini necə dəyərləndirirsiniz?
- Ölkənizin sülhməramlı qüvvələrin İraqda sülhyaratma prosesində iştirakına görə Azərbaycana minnətdarlığımızı bildiririk. 150 Azərbaycan sülhməramlısı Əl-Anbar vilayətindəki “Hadita” su anbarı və eyni adlı su-elektrik stansiyasını mühafizə edirlər. Onların yerləşdiyi yer təhlükəli yer deyil. Orada indiyə kimi heç bir xoşagəlməz hadisə baş verməyib, inşallah, bundan sonra da baş verməz. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR