Səfir Per Stankina: “Almaniya hökumətinin Xanlarda kilsəsinin bərpasına maliyyə ayırması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın göstəricisidir”

Səfir Per Stankina: “Almaniya hökumətinin Xanlarda kilsəsinin bərpasına maliyyə ayırması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın göstəricisidir”
# 06 fevral 2008 11:42 (UTC +04:00)
Xanlar. Ayxan Hüseynov APA. “Altı ay əvvəl bu binanı görən insan inanmazdı ki, bura belə möhtəşəm binaya çevrilə bilər”. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Xanlarda bərpa edilən lüteran kilsəsinin açılış mərasiminə qatılan Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Per Stankina verib. O, bərpa edilən kilsəni turizmin inkişafı baxımından gözəl imkanlar yarada biləcəyini deyib. Səfir kilsənin bərpasının Almaniya hökumətinin ayırdığı maliyyə hesabına həyata keçirildiyini vurğulayıb: “Amma, Almaniya bu kilsənin sahibi deyil. Bərpa prosesinin maliyyələşdirilməsi iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini göstərir. Açılış mərasiminə Almaniyadan gələn musiqi ansamblı da qatılıb. Səfirlik olaraq həmişə çalışırıq ki, ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq təkcə Bakı ilə məhdudlaşmasın, bu fəaliyyət digər bölgələri də əhatə etsin. Almaniya səfirliyi Azərbaycanın bütün şəhərlərində müxtəlif konsertlər, sərgilər təşkil edir. Bu gün isə Xanlar rayonunun alman kilsəsində kiçik bir konsert proqramı nümayiş olunacaq”. Səfir Azərbaycanın digər şəhər və rayonlarında almanlar tərəfindən inşa edilmiş və hal-hazırda tarixi abidə kimi qorunub saxlanan abidələrdə bu cür təmir işləri aparılacağını istisna etməyib: “Hazırda bununla bağlı hazır layihələr yoxdur, amma müəyyən planlar var. Hələlik bu planlar haqqında danışmaq istəmirəm. Çünki maliyyə problemləri hələ həll olunmayıb. Mən indi bu planlar haqda danışsam, sonra bu planları həyata keçirə bilməsəm, siz də, mən də öz işimizdən narazı qalarıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR