Elin Süleymanov: “Ermənilərin qondarma “Dağlıq Qarabağ hərəkatı”nın 20 illiyi ilə bağlı Ebell teatrında tədbir keçirməsinə bəzi amerikalılar da etiraz ediblər”

Elin Süleymanov: “Ermənilərin qondarma “Dağlıq Qarabağ hərəkatı”nın 20 illiyi ilə bağlı Ebell teatrında tədbir keçirməsinə bəzi amerikalılar da etiraz ediblər”
# 02 may 2008 11:08 (UTC +04:00)
Bildiyiniz kimi, təkcə bizim konsulluq yox, ABŞ-da yaşayan Azərbaycan icmasının çoxlu sayda üzvü də Ebell teatrında “mərasimin” keçirilməsinə qarşı səsini ucaldıb. Xüsusi olaraq vurğulamaq istərdim ki, bəzi amerikalılar da Azərbaycan icmasına qoşularaq öz narahatlıqlarını teatrın rəhbərliyinə çatdırıblar”. Bu sözləri APA-nın ABŞ bürosuna Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov deyib. Baş konsul diqqəti Ebell teatrında keçiriləcək tədbirin Azərbaycanın əleyhinə yönəlmiş siyasi aksiya olmasına yönəldib: “Teatr özəl və siyasətdən kənar təşkilat ola bilər. Ancaq burada Azərbaycan əleyhinə siyasi tədbir keçirilirsə, həmin tədbir artıq özəl sayıla bilməz. Teatr rəhbərliyinə göndərdiyim məktubda da onların diqqətinə çatdırdım ki, biz amerikalıların hisslərinə toxunan tədbir keçirib, adını özəl tədbir qoysaq, sıravi ABŞ vətəndaşlarının buna münasibəti necə olardı?” Ermənilərin qondarma Dağlıq Qarabağ hərəkatının 20 illiyi ilə bağlı mərasimlər keçirməsinə qarşı lazımi addımların atılmasının vacibliyini qeyd edən E. Süleymanov hesab edir ki, həm belə tədbirlərdə qeyri-qanuni separatçı rejimin mahiyyəti yanlış təqdim olunur, həm də bu, Amerikanın dostu və müttəfiqi olan Azərbaycana qarşı dost addım sayıla bilməz. Baş konsul bəzi erməni mətbuat nümayəndələrinin onun Ebell teatrına göndərdiyi etiraz məktubuna neqativ reaksiya verdiyini də bildirib: “Ancaq yaxşı olardı ki, onlar mərasimin mahiyyətinə diqqət yetirəydilər. Bu hadisələr başlayandan hər iki tərəfdən çoxlu sayda insanın həyatına son qoyulub, 1 milyon insan qaçqın və köçkün vəziyyətə düşüb. Belə bir münaqişənin ildönümünü necə qeyd etmək olar? Dağlıq Qarabağ münaqişəsi bütün regiona təsir edən ciddi dağıntılara səbəb olub, Ermənistanı təcrid vəziyyətinə salıb, digər dövlətlərdən asılı edib. Bundan başqa, məhz bu münaqişə Ermənistanı həm demokratik, həm də iqtisadi cəhətdən həddindən artıq zəiflədib. Bunun konkret nəticəsini biz bir müddət əvvəl bu respublikada baş verən hadisələrin fonunda daha qabarıq gördük. Təəssüflər olsun ki, həmin problemləri həll etmək əvəzinə, erməni diasporu konfliktin ildönümünü qeyd edir. Etik baxımdan bu, çox yersiz mərasimdir”. E. Süleymanov hesab edir ki, minlərlə insanın həyatını bitirən münaqişənin başlanmasını bayram kimi qeyd etmək əvəzinə, sülhün əldə olunmasına dəstək vermək lazımdır: “Ermənistan mətbuatı Azərbaycan tərəfinin Ebell teatrına göndərdiyi məktubu tənqid etmək əvəzinə, Dağlıq Qarabağ münaqişəsinin ölkəyə vurduğu ziyan barədə yazmalıdır. Biz bu münaqişəni bir gün həll edəcəyik. Ümidvaram ki, bu, sülh yolu ilə baş tutacaq. Bax, onda həmin hadisənin Los-Anceles də daxil olmaqla, digər yerlərdə qeyd edilməsi yerinə düşəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR