Gürcüstan səfirinin müavini: “Gürcüstanın razılığı olmadan ölkə ərazisinə silahlı birləşmələr yerləşdirilməsi qeyri-qanuni addımdır”

Gürcüstan səfirinin müavini: “Gürcüstanın razılığı olmadan ölkə ərazisinə silahlı birləşmələr yerləşdirilməsi qeyri-qanuni addımdır”
# 06 may 2008 11:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Gürcü-abxaz münaqişə zonasında sülhməramlı adlandırılan kontingentin tərkibinin artırılması pərdələnmiş təcavüzdür”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanın Azərbaycandakı səfirinin müavini Nikoloz Qoqitidze Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Gürcüstan həmin əraziyə nəzarət edə bilmədiyi üçün Rusiya oraya sülhməramlı birləşmələr deyil, desant bölmələri və etnik çeçenləri yerləşdirir: “Gürcüstanın razılığı olmadan onun ərazisinə silahlı birləşmələr yerləşdirilməsi qeyri-qanuni addımdır. Ümidvarıq ki, BMT münaqişə zonasında olan azsaylı missiyasının sayını artıracaq və həmin missiya vəziyyətə nəzarət etmək imkanında olacaq. Gürcüstan iqtisadi cəhətdən inkişaf etmiş, geniş infrastruktura malik ölkə olmaq istəyir, bunun üçün isə sülh lazımdır”. Diplomat Gürcüstanın hərbi əməliyyatlara başlamayacağını bəyan edib. N. Qoqitidze hesab edir ki, gürcü-abxaz münaqişəsi zonasında hərbi əməliyyatlar getmədiyi üçün əraziyə sülhməramlı qüvvələr yox, beynəlxalq polis qüvvələri yerləşdirilməlidir. Ölkəsinin MDB-dən çıxma ehtimalını dəyərləndirən diplomat deyib ki, bunun üçün siyasi qərar olmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR