Baş konsul: “Azərbaycanın qələbəsi bizim də qələbəmizdir”

Baş konsul: “Azərbaycanın qələbəsi bizim də qələbəmizdir”
# 10 noyabr 2020 11:00 (UTC +04:00)

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 82 il ötür. Bununla əlaqədar olaraq Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım tədbiri keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, anım tədbirində Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, konsulluğun əməkdaşları, şəhər rəhbərliyinin nümayəndələri, şəhər ictimaiyyəti, ziyalılar iştirak ediblər. Mərasim Atatürkün vəfat etdiyi saatda - 09:05-də 1 dəqiqəlik sükutla başlayıb. Zəki Öztürk qonaqları salamlayaraq hər iki ölkə arasında olan münasibətlərdən və əldə olunan nailiyyətlərdən danışıb. Baş konsul Atatürkün əvəzolunmaz bir siyasətçi olduğunu qeyd edib: "Mustafa Kamal Atatürk siyasi baxımdan çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Osmanlı dövlətinin səylərinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlərlə üzləşib, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çox acınacaqlı vəziyyətdə olub. Mustafa Kamal Atatürk belə bir şəraitdə xalqı səfərbər edərək milli mübarizəyə başlayıb. Heç bir beynəlxalq gücün hegemonluğunu qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırıb".

Baş konsul həmçinin Qarabağ uğurunda şəhid olanlara rəhmət, yaralılara şəfa diləyib. O qeyd edib ki, Mustafa Kamal Atatürkün vəfatı günündə Azərbaycanın Qarabağda qələbə qazanması türk xalqının da sevincinə səbəb olub: “Azərbaycanın bu qələbəsi mübarək olsun. Azərbaycan xalqını ayrı ayrılıqda təbrik edirəm. Bu qələbə bizim də qələbəmizdir. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu qələbə Türkiyənin də qələbəsidir. Bayramımız mübarək olsun!".

Anım tədbirində Atatürkün həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Filmdə Mustafa Kamal Paşanın məhv olmaqda olan Osmanlı İmperiyasının təməlləri üzərində yeni Cümhuriyyət qurması, hərbi, səhiyyə, mədəniyyət və təhsil sahələrində apardığı islahatlardan geniş söz açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR