ABŞ səfiri: “Azərbaycan Avropanın qazla bağlı tələbatına qarşılıq verməyə çalışır” 

Li Litzenberqer

© APA | Li Litzenberqer

# 22 noyabr 2021 16:43 (UTC +04:00)

“Heç bir şübhə yoxdur ki, ABŞ Avropanın enerji təhlükəsizliyinə verdiyi önəmli töhfəni dəstəkləməyə davam edəcək”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.

O, qaz ixracının genişləndirilməsinin əsas etibarı ilə kommersiya qərarı olduğunu vurğulayıb: “Mən bilirəm ki, Avropadan tələbat böyükdür və Azərbaycan bacardığı qədər bu tələbata qarşılıq verməyə çalışır və düşünürəm ki, Cənub Qaz Dəhlizinin genişlənməsi bu istiqamətdə normaldır. Daha əvvəl ABŞ bu layihəyə öz siyasi dəstəyini verib”.

Səfir, həmçinin Azərbaycan və İran arasındakı gərginliyi yaxından izləyirdiklərini və bu vəziyyətdən çox narahat olduqlarını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm də İranla həmsərhəddir və bu coğrafi şərait bəzən problemlər yarada bilir: “Çox şadıq ki, artıq vəziyyət sabitləşib. Görünən odur ki, münasibətlər normala dönüb və İran bu istiqamətdə addımlar atıb, öz xəttini vəziyyətə uyğunlaşdırıb və kursunu dəyişib. Biz Azərbaycan üçün sabit, münaqişəsiz sərhədlər görmək istəyirik".

Səfir vurğulayıb ki, ötən il münaqişədən bəri cənub sərhədlərində narkotik qaçaqmalçılığında artım müşahidə edilib: "Lakin yaxşı xəbər odur ki, Azərbaycanın gömrük və sərhəd xidmətləri narkotik qaçaqmalçılığı ilə mübarizədə öz imkanlarını daha da gücləndirib. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, onların istifadə etdiyi texnika və ləvazimatı ABŞ təmin edib. Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə yardımla bağlı ABŞ-ın proqramı var. Bu texniki ləvazimatların çeşidi genişdir. Həmçinin ABŞ-ın dəstəyinə Azərbaycanın gömrük və sərhəd xidmətlərinin əməkdaşları üçün treninq proqramları da aiddir. Eyni zamanda, biz bu dəstəyi Azərbaycanın Xəzər dənizindəki çox vacib enerji infrastrukturunu qoruması üçün veririk. Təqdim etdiyimiz texnikalar Azərbaycanın Xəzərdəki enerji infrastrukturunu nəzarətdə saxlamağa imkan verir. Bir neçə həftə öncə Azərbaycana təqdim etdiyimiz radar vasitəsilə Xəzər dənizində siqaret qaçaqmalçılığı edən gəmi saxlanıldı. Həqiqətən şadam ki, biz Azərbaycanın öz sərhədlərini nəzarətdə saxlaması və qoruması üçün imkanlarına dəstək veririk. Bu bizim də marağımızdadır. Biz Azərbaycanın müstəqilliyini dəstəkləyirik”.

Səfiri Li Litzenberqer ABŞ-Rusiya münasibətlərinə də toxunub:

“Əgər Rusiya səmimiyyət və xoş niyyətini göstərərsə, ABŞ istənilən mövzu barədə Rusiya ilə konstruktiv müzakirələrə hazırdır. Çox təəssüf ki, biz hər zaman bunu görmürük”.

O bildirib ki, Rusiyanın əhəmiyyətli dərəcədə böyük hərbi qüvvələrini Ukrayna ətrafında toplaması ABŞ-ı narahat edir: “Biz inanırıq ki, bu cür addımlar regionda yalnız gərginliyi artırır və Avropa qitəsində sabitliyə yardım etmir”.

Səfirin sözlərinə görə, ABŞ və Rusiyanın ancaq bir platformada – ATƏT-in Minsk Qrupu çərçivəsində yaxşı əməkdaşlıqları mövcuddur: “Bu yaxınlarda həmin format çərçivəsində biz Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki dəfə görüşünü təşkil etdik. Bu format səmərəli olduğu müddətcə, biz burada əməkdaşlıq edəcəyik. Təbii ki, biz bu ölkələrin liderlərini və rəsmilərini bir araya gətirən digər formatları da dəstəkləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR