ABŞ səfiri: “Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji müstəqilliyinə töhfə verir”

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer

© APA | ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer

# 22 noyabr 2021 15:16 (UTC +04:00)

“Gələn il Azərbaycanla əlaqələrimizin 30 illiyini qeyd edəcəyik. Bu illər ərzində əlaqələrimiz müxtəlif sahələrdə inkişaf edib, dərinləşib. Biz bunu yüksək qiymətləndiririk”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

O bildirib ki, ABŞ regionun inkişafına dəstək verməyə sadiqdir, ABŞ regionun çiçəklənməsi, rifahı üçün çalışır.

Amerikalı diplomatın sözlərinə görə, ölkəsinin Azərbaycanla enerji sahəsində yaxşı əlaqələri var. Səfir diqqətə çatdırıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji müstəqilliyinə töhfə verir.

Səfir, həmçinin, əlavə edib ki, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik və terrorla mübarizə sahəsində yaxşı əməkdaşlıq var: “Azərbaycan başlanğıcdan bəri Əfqanıstan məsələsində təhlükəsizlik məsələsinə öz töhfəsini verib. Azərbaycan avqust ayında Kabil hava limanının təhlükəsizliyinə kömək edib, biz bunu yüksək dəyərləndiririk”.

Li Litzenberqer ABŞ-ın Azərbaycana göstərdiyi humanitar yardımlardan da söz açıb: "ABŞ Azərbaycanın məcburi köçkün icmasına artıq onilliklərdir ki, dəstək verir. Biz bu illər ərzində Azərbaycana külli miqdarda humanitar yardım ayırmışıq, ingilis dilinin tədrisi, bu icmalar üçün resursların yaradılması və s. kimi fəaliyyətlər göstərmişik. USAİD məcburi köçkünlərin işlə təmin olunması, onların müvafiq bacarıqlara yiyələnməsi üçün vəsaitlər ayırıb”.

Səfir azərbaycanlı məcburi köçkünlərin qayıtması ilə bağlı bildirib ki, hazırkı və sonrakı proseslər arasında işlər görülməlidir: “Əvvəlcə bu ərazilər minalardan təmizlənməlidir. Biz bu yaxınlarda münaqişə zamanı minalanmış ərazilərin təmizlənməsi üçün 500 000 dollar vəsaitin ayrıldığını elan etdik. Minaların təmizlənməsinə dəctək məqsədilə ABŞ-ın Marşal İrsi İnsitutu ANAMA və Azərbaycan hökuməti ilə işləyir”.

Münaqişənin ilk illərindən - 1993-cü ildən bəri ABŞ-ın Azərbaycanın məcburi köçkün icmasına 125 milyon dollar humanitar yardım ayırdığını deyən Li Litzenberqer bu dəstəyin davam etdiriləcəyini bildirib: “Həmçinin ABŞ-da özəl minatəmizləmə şirkətləri var və bu şirkətlərdən bəziləri ANAMA ilə müzakirələr aparır. Ümid edirəm ki, onlar öz yardımını bu prosesə verə biləcək. Onların texnologiyası və dünya miqyaslı təcrübəsi var və onlar minatəmizləmə prosesini sürətləndirə bilər. Bu, prosesin ilkin mərhələsidir və insanlar minaların təmizlənməsindən sonra öz evlərinə qayıdacaqlar”.

Səfir ABŞ şirkətlərinin Azərbaycana investisya qoymağa və bu proseslərdə iştirak etməyə hazır olduğunu vurğulayıb: “ABŞ şirkətlərinə daha çox imkanların yaradılmasını görmək istərdim. Bunun üçün isə ən vacib addım açıq tenderlərin keçirilməsidir. Belə olan halda ABŞ şirkətləri Azərbaycanın inkişafı üçün prioritetləri və imkanların nədən ibarət olduğunu görə biləcək, bu, həmçinin geri qaytarılmış torpaqlara da aiddir. Mən əminəm ki, bu şirkətlər Azərbaycanın inkişafına xidmət edəcək imkanlara və texnologiyalara sahibdirlər. Mən inanıram ki, ABŞ şirkətlərinin regionda marağı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR