ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda konfrans keçirilib

ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda konfrans keçirilib
# 05 noyabr 2021 13:28 (UTC +04:00)

Bu gün ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

ADA Universitetinin rektoru Hafiz Paşayev 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətindən danışıb. Rektor ADA Universitetinin Vətən müharibəsində iştirak etmiş məzunlarını səhnəyə dəvət edib, onların simasında Müzəffər Azərbaycan Ordusunu Zəfər münasibətilə təbrik edib.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın təxribatı daha geniş müstəviyə keçib: “BMT Nizamnaməsinə əsasən əks-hücum əməliyyatına başladıq, bunun ilk gündən Vətən müharibəsi olduğunu bildirdik. Azərbaycan əsgəri öz torpağında döyüşdü, sərhədlərini bərpa etdi”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanı Azərbaycana qarşı ərazi iddialarına son qoymağa çağırıb.

Vətən müharibəsi iştirakçısı Vasif Dilavərzadə Azərbaycan hərbçilərinin şücaətindən danışıb, Ali Baş Komandana təşəkkür edib.

Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü professor Çağrı Erhan qeyd edib ki, Vətən müharibəsi dövründə Türkiyədə yaşayış məntəqələrində Azərbaycan bayrağı Türkiyə bayrağı ilə birgə dalğalanıb. O əlavə edib ki, müharibənin taleyini cəsur Azərbaycan əsgəri həll edib.

Ç. Erhan işğaldan azad olunmuş ərazilərdə iki dəfə səfərdə olduğunu da bildirib.

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko nəzərə çatdırıb ki, İkinci Qarabağ müharibəsinin ilk dövründə Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətlərdən istifadə edərək müharibəni dayandırmağa çalışıb: “Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu gördükdən sonra bu ölkənin Baş naziri Nikol Paşinyan müvafiq sənədi imzalamağı razılaşdı. Bu gün Rusiya uğurlu sülhyaratma əməliyyatı həyata keçirir”.

Ermənistanın 30 ərzində işğal altındakı ərazilərdə törətdiyi dağıntılardan danışan hərbi ekspert Ermənistanın Azərbaycanın böyük şəhərlərini ballistik raketlərdən atəşə tutduğunu xatırladıb: “Bu halda Nikol Paşinyanın Səddam Hüseyndən fərqi nədir? Əmri konkret kimin verdiyinin nə fərqi var, fakt odur ki, Ermənistan ordusu Azərbaycan şəhərlərini atəşə tutub”.

Azərbaycan Prezidenti İlham Əliyevin böyük dövlət xadimi olduğunu vurğulayan rusiyalı ekspert Azərbaycan xalqına sülh və rifah arzulayıb.

Konfransda Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları, yerli və xarici mediaya müsahibələri, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərə səfərləri, müsahibələri əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir Azərbaycan Ordusuna həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR