Almaniyalı səfir: "Almaniya öz prinsiplərini və xarici siyasət istiqamətini dəyişməyəcək"

Volfqanq Maniq

© APA | Volfqanq Maniq

# 26 sentyabr 2021 23:49 (UTC +04:00)

"Ümid edirik ki, koalisiya danışıqları sonuncu seçkilərdən sonrakı koalisiya danışqlarının davam etdiyi müddət qədər uzun olmayacaq".

Bunu APA-ya açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

"Bu gün Almaniyada ümumi seçkilər keçirildi. Yeni hökumətimiz qurulacaq. Mühafizəkarlar və Sosial Demokratlar arasındakı hazırkı koalisiya hökuməti artıq fəaliyyətini bitirdi və təbii ki, yeni hökumət formalaşacaq. Hələ ki yeni hökuməti kimin formalaşdıracağını, növbəti kanslerin kim olduğunu heç kim bilmir. Yeganə bildiyimiz odur ki, üç əsas partiya yeni koalisiyanı quracaq, bu da o deməkdir ki, yeni koalisiyanın qurulması zaman ala bilər", - deyə almaniyalı diplomat bildirib. O qeyd edib ki, Almaniya hökumətinin rəhbəri - kansler birbaşa olaraq vətəndaşlar tərəfindən seçilmir, o, parlament tərəfindən seçilir və bu isə o deməkdir ki, parlamentdə mütləq çoxluq olmalıdır.

"Ümid edirik ki, koalisiya danışıqları sonuncu seçkilərdən sonrakı danışqların davam etdiyi müddət qədər uzun olmayacaq. Ancaq mən inanıram ki, yeni parlament bütün məsələlərin öhdəsindən gələcək, xüsusilə ən vacib məsələ olan iqlim dəyişikliyi, Avropa İttifaqının (Aİ) gələcəyi və inkişaf istiqaməti, NATO ilə müttəfiqlik. Həmçinin bizim şərq qonşularımızla münasibətlərimiz məsələlərində, prezidentimizin də dediyi kimi, Almaniya öz prinsiplərini və xarici siyasət istiqamətini dəyişməyəcək. Biz Aİ-nin daha çox inteqrasiyasına, çoxtərəfliliyin güclənməsinə, qanunlara əsaslanan idarəçiliyə sadiq qalacağıq", - deyə Volfqanq Maniq vurğulayıb.

Almaniyanın Azərbaycandakı səfiri əlavə edib ki, onun ölkəsi hər zaman Cənubi Qafqaz regionuna sadiq olub və olmaqdadır: "Biz "Şərq Tərəfdaşlığı"nı dəstəkləyirik, Cənubi Qafqazın hər üç ölkəsi bu tərəfdaşlıqda iştirak edir. Biz, həmçinin ümid edirik ki, yeni ideyalarımız olacaq, xüsusuilə də Azərbaycan və Ermənistan arasında hələ də açıq qalan məsələlərlə bağlı. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında dialoqun möhkəmləndirilməsinə, barışığın əldə olunmasına, konstruktiv həllin tapılmasına töhfə verəcəyik. Biz davamlı sülhün əldə olunmasına aparan addımlara töhfə vermək üçün əlimizdən gələni etməyə çalışırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR