Ankarada Azərbaycanın Müstəqilliyinin Bərpası və Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Ankarada Azərbaycanın Müstəqilliyinin Bərpası və Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib
# 19 oktyabr 2021 03:28 (UTC +04:00)

Oktyabrın 18-də Ankarada Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü və Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə mədəniyyət nazirinin müavini Serdar Çam , YUNESKO üzrə Türkiyə Milli Komissiyasının sədri vəzifəsini icra edən, Türkiyə Xarici İşlər Nazirliyinin Xarici Tanıtım və Mədəniyyət İşləri üzrə Baş direktoru Deniz Çakar çıxış ediblər.

Çıxışçılar 1918-ci ildə şərqin ilk müstəqil demokratik dövləti olan Azərbaycanın 70 il sonra 18 oktyabr 1991-ci ildə müstəqilliyinin yenidən bərpasından, Nizami Gəncəvinin 8 əsr yarımdır aktual olan əsərlərindən və dünyada Azərbaycanı tanıtmasından, Türkiyə ilə Azərbaycanın tarix boyunca birlikdəliyindən, siyasi, iqtisadi, mədəni əlaqələrinin inkişafından danışıblar.

Mərasimdə həmçinin II Qarabağ Müharibəsinin şəhidləri ehtiramla yad edilib.

Azərbaycanın Türkiyədəki Səfirliyi, YUNESKO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər - səfirlər, deputatlar, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri də iştirak ediblər.

Mərasimin bədii hissəsində xanəndə Mənsum İbrahimov tarzən Elçin Həşimovun, kamançada Elnur Əhmədov və nağarada Kamran Kərimovun müşayiəti ilə ifalar səsləndirib.
Konsertdə, həmçinin, Ankara Universitetinin əməkdaşları, sənətşünasılar - Demet Gürhan, Hosrov Hakan Amiri, Gülər Dəmirova da çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR