Avronest PA-nın Büro iclasında Ermənistanın mina xəritələrini təqdim etməməsi barədə məlumat verilib

Azər Kərimli, Avronest PA-nın Büro iclası

© APA | Azər Kərimli, Avronest PA-nın Büro iclası

# 25 iyun 2021 18:36 (UTC +04:00)

Bu gün Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlayn iclasda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli iştirak edib.

Tədbir Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvilinin açılış nitqləri ilə başlayıb. Büronun işinə Andrius Kubilius moderatorluq edib.

İclasda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək ölkələrində gedən iqtisadi-siyasi proseslər, Covid-19 pandemiyasının mövcud vəziyyəti və onunla mübarizə tədbirləri barədə məlumat veriblər, Şərq Tərəfdaşlığı bölgəsində təhlükəsizliyin təmin edilməsi və ölkələrin ərazi bütövlüyünün qorunması məsələlərinə toxunublar.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli ötən ilin sonunda ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi ilə regionda yaranmış yeni əməkdaşlıq imkanları barədə məlumat verib. Bildirib ki, yeni reallıqlar Azərbaycan və Ermənistan arasında 30 illik silahlı qarşıdurmaya son qoyub, tərəflər arasında normal münasibətlərin qurulmasına, davamlı sülhün, iqtisadi əlaqələrin bərqərar edilməsinə, infrastruktur və kommunikasiya layihələrinin həyata keçirilməsinə əlverişli zəmin yaradıb. O, Ermənistanda formalaşacaq yeni hökumətin Azərbaycana qarşı revanşizmlə məşğul olmayacağına, Üçtərəfli Bəyanatın müddəalarına əməl edərək regional əməkdaşlığı dəstəkləyəcəyinə ümidini ifadə edib.

Azər Kərimli qarşı tərəfin mina xəritələrini təqdim etməməsindən, Azərbaycan jurnalistlərinin minaya düşməsindən, Zəngəzur dəhlizinin reallaşdırılmasından, Qarabağda bərpa işlərindən danışıb.

İclasda Şərq tərəfdaşlığı ölkələri arasında əlaqələrin inkişafı, bu ilin sonunda baş tutması gözlənilən “Şərq tərəfdaşlığı” sammitinin gündəliyi və digər məsələlərlə bağlı müzakirələr aparılıb müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR