Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib

© APA | Prezident İlham Əliyev

# 02 iyun 2021 22:44 (UTC +04:00)

İyunun 2-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA xəbər verir ki, söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Hər iki tərəf bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini açıqladılar. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması məmnuniyyətlə qeyd edildi.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri müzakirə olundu.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirdi. Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırdı.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd etdi, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırdı.

Telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirdi. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulandı və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparıldı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR