Avropa Parlamenti: Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinə dəstəyini davam etdirməlidir

Avropa Parlamenti

© APA | Avropa Parlamenti

# 16 sentyabr 2021 13:13 (UTC +04:00)

Avropa Parlamenti Avropa İttifaqı (Aİ) – Rusiya siyasi əlaqələrinə dair qətnamə qəbul edib.

APA-nın xəbərinə görə, qətnamə Avropa Parlamentinin plenar iclasında səsverməyə çıxarılıb.

494 deputat sənədin lehinə, 103 deputat əleyhinə səs verib, 72 deputat isə bitərəf qalıb.

Avropa Parlamentinin üzvü Andrias Kubliasın müəllifi olduğu qətnamədə qeyd olunub ki, Aİ “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməlidir.

“Aİ aydın şəkildə göstərməlidir ki, Rusiya ilə normal münasibətlər onun Aİ-yə qarşı aqressiv siyasətini və hibrid müharibəni dayandırmasına qədər bərpa edilməyəcək. Aİ Rusiyaya qarşı sanksiyaların müvafiq şərtlər ödənilənədək qüvvədə qalmasını təmin etməlidir. Həmçinin Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələri ilə həmrəyliyi təşkilata təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi etimadın gücləndirilməsi məqsədi daşımalıdır. Bunun üçün “Şərq Tərəfdaşlığı” ölkələrinin təhlükəsizliyi Aİ-nin “Strateji kompas”ında əks olunmalıdır”, - deyə sənəddə bildirilib.

Qətnamədə o da qeyd olunub ki, Aİ Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Ermənistan və Belarusun Aİ-nin siyasi, demokratik, sosial və hüquqi kriteriyalarını qarşılamasına dəstəyini davam etdirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR