Azay Quliyev Büroda Soçi Bəyanatının mahiyyətini açıqladı

Azay Quliyev

© APA | Azay Quliyev

# 02 dekabr 2021 16:07 (UTC +04:00)

Dekabrın 1-də Stokholm şəhərində ATƏT PA-nın Büro iclası keçirildi. İclasda bir çox məsələlərlə yanaşı təşkilatın 2022-ci üzrə fəaliyyəti planı müzakirə edilərək təsdiq edildi. Gündəliyin hazırki beynəlxalq siyasi məsələlər üzrə maddəsinin müzakirəsi zamanı söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiyanın Prezidenti cənab Putin və Ermənistanın Baş naziri Paşinyan tərəfindən imzalanan Üç Tərəfli Bəyanat və bu bəyanatın mahiyyəti haqqında büro üzvlərinə məlumat verdi. Azay Quliyev qeyd etdi ki, Soçi danışıqları və əldə olunan razılaşma tarixi əhəmiyyət daşıyır və bu bəyanat Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə 3 mühüm istiqaməti özündə əks etdirir:

“Birinci, Azərbaycan və Ermənistan liderləri hər iki ölkə arasında olan dövlət sərhədinin delimitasiya və demarkasiya edilməsi üçün birgə komissiyanın yaradılması, eləcə də bölgədə stabilliyin və təhlükəsizliyin təminatı üçün müvafiq addımların atılmasına dair razılıq əldə ediblər. Bu çox mühüm bir nailiyyətdir, belə ki, Sovetlər birliyi dağıldıqdan sonra ilk dəfədir ki, Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanmasına rəsmi qərar verildi.

İkinci mühüm nailiyyət ondan ibarətdir ki, tərəflər bundan əvvəlki iki bəyanata bağlılığı nümayiş etdirərək regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını, bu məqsədlə ayrıca layihələrin həyata keçirilməsini və xüsusilə Ermənistan ərazindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur koridorunun açılmasını bir daha imzaları ilə təsdiq etdilər. Mən əminəm ki, Soçi razılaşması sərhəddə gərginliyin azalmasına və Zəngəzur koridorunun tezliklə açılmasına ciddi töhfə verəcəkdir.

Üçüncüsü, liderlər Ermənistan və Azərbaycan xalqları arasında etimad mühitinin yaradılması və qonşuluq münasibətlərinin normallaşması üçün müvafiq addımların atılmasının vacibliyi haqqında birgə razılığa gəliblər.

Şübhəsiz ki, bu razılaşmalara əməl olunsa gələcəkdə hər iki ölkənin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh sazişinin hazırlanmasına və imzalanmasına nail olmaq mümkündür. Təqdirəlayiq haldır ki, Soçi bəyannaməsi beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndi. Belə ki, BMT-nin Baş katibi Antonio Quttereş tərəflərin regionda iqtisadi əlaqələrin bərpasına və dayanıqlı sülhün əldə olunmasına yönələn təşəbbüslərinin dəstəklənməsinin vacib olduğunu bildirdi. Avropa İttifaqı da əldə olunan razılaşmanı yüksək dəyərləndirək onun icrası üçün gərəkli dəstəyin veriləcəyini bildirdir.”

Azay Quliyev həmçinin qeyd etdi ki, dekabrın 2-də Stokholmda Soçi bəyannaməsinin müddəalarının yerinə yetirilməsini müzakirə etmək məqsədi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü gözlənilir. Eyni zamanda, deputat onu da diqqətə çatdırdı ki, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Zirvəsi çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü planlaşdırılır.

Azay Quliyev qeyd olunanları nəzərə alaraq bildir ki, ATƏT PA bu proseslərdən kənarda qalmamalı, Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün və barışığın əldə olunması istiqamətində atılan addımlara və edilən təşəbbüslərə dəstəyini ifadə etməlidir. ATƏT PA regionda sülh üçün unikal imkandan yararlanaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Müzakirələrin davamında çıxış edən Azay Quliyev ATƏT PA-nın irəli sürdüyü “Helsinki+50” təşəbbüsü üzrə mövzuların prioritetləşdirilməsini, ATƏT regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi məsələsinin önəm verilməsinin və planlaşdırılan tədbirlərə üzv ölkələrinin yaxından cəlb edilməsinin vacibliyini qeyd etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR