Azərbaycan Prezidenti: “Ermənistan tərəfi artıq Zəngəzur koridorunun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir”

Prezident İlham Əliyev, Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüş

© APA | Prezident İlham Əliyev, Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüş

# 30 may 2021 13:27 (UTC +04:00)

“İkinci Qarabağ savaşından sonra biz yeni bir koridor üzərində çalışırıq - Zəngəzur koridoru. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur koridoru kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Azərbaycan Prezidenti bildirib ki, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirib: “Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu koridorun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var. Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcək.

Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir koridor açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaq”.

Bütün digər məsələlər də var. Hansılar ki, siz öz həmkarınızla müzakirə edəcəksiniz. Bütövlükdə deyə bilərəm ki, bu sahə həm Türkiyə, həm Azərbaycan üçün çox böyük önəm daşıyır, xalqlarımızı bir-birinə bağlayan sahədir. Əminəm ki, səfər çərçivəsində gündəlikdə olan bütün məsələlər müzakirə olunacaq və qərarlar qəbul olunacaq. Bir daha xoş gəlmisiniz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR