Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti görüşü Bakıda keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti görüşü Bakıda keçiriləcək
# 19 oktyabr 2021 17:20 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti üçtərəfli görüşü gələn ilin yazında Bakıda keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ankarada üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıç bildirib.

Onun sözlərinə görə, tərəflər parlamentlərarası əlaqələrin inkişafının region ölkələri arasında münaqişələrin qarşısının alınmasında önəmli rol oynadığı bildiriblər.

Akif Çağatay Kılıç deyib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, regionda davamlı sülhün bərqərar olması ilə bağlı da fikir mübadiləsi aparılıb, tərəflər terrorizmin hər növünə qarşı olduqlarını və hər üç ölkənin beynəlxalq parlamentlərarası təşkilatlarda fəaliyyətlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ankarada bu formatda üçtərəfli görüşün keçirilməsi, səmərəli fikir mübadiləsinin aparılması region xalqlarının bir-biri ilə daha da yaxınlaşmasına xidmət edir.

O deyib ki, danışıqlar zamanı yalnız regional səviyyədə yox, eyni zamanda, beynəlxalq müstəvidə - ATƏT, Avropa Şurası, NATO və eləcə də digər qurumların parlament assambleyalarında qarşılıqlı dəstək barədə razılığa gəlinib: “Türkiyəyə, Azərbaycana və Gürcüstana qarşı hər hansı bir təhdid olacaqsa, biz birgə səylərimizi ortaya qoyacağıq”.

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze toplantı zamanı Gürcüstanın ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkürünü bildirib. Gürcü deputat bu formatda görüşlərin davamlı olmasına ümid etdiyini qeyd edib: “Qafqazda, Qarabağ bölgəsində sülh və sabitliyin qorunub saxlanması mövzusunda müzakirələr apardıq. NATO-ya yeni üzvlərin qəbulu və Gürcüstanın NATO-ya inteqrasiyasını müzakirə etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR