Azərbaycan və İran XİN başçıları iki ölkə arasındakı münasibətləri müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və İran XİN başçıları iki ölkə arasındakı münasibətləri müzakirə ediblər - YENİLƏNİB
# 13 oktyabr 2021 00:36 (UTC +04:00)

12 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

APA XİN-in Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

Saat 22:30

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.

İran XİN-in yaydığı məlumatda bildirilib ki, tərəflərin söhbətində ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyi vurğulanıb. İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.

Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR