Azərbaycan və Səudiyyə Ərəbistanı parlamentlərarası dostluq qruplarının üzvləri onlayn formatda görüş keçirib

Azərbaycan və Səudiyyə Ərəbistanı parlamentlərarası dostluq qruplarının üzvləri onlayn formatda görüş keçirib
# 23 iyun 2021 18:49 (UTC +04:00)

Bu gün Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə onlayn formatda görüş keçiriblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım bildirib ki, Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı ilə münasibətlər xüsusi yer tutur, ölkələrimizi qardaşlıq münasibətləri, ümumi islam mirası, maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq əlaqələri birləşdirir.

F. Yıldırım qeyd edib ki, dövlət başçılarının rəsmi səfərləri əlaqələrimizin genişlənməsinə güclü təkan verib. İşçi qrupun rəhbəri videokonfransda Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti və o təcavüzkarlığın ağır nəticələri barədə də danışıb. Eyni zamanda Səudiyyə Ərəbistanının BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini, həmçinin Vətən müharibəsi günlərində bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatı təqdirəlayiq hal kimi dəyərləndirib.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fayiz bin Abdullah Əl-Şəhri isə qeyd edib ki, Azərbaycan və Səudiyyə Ərəbistanını mədəni, tarixi və İslam prioritetləri birləşdirir, bu isə siyasi əlaqələrdən daha dərindir: “Qarabağı azad etmək və öz ərazi bütövlüyünü təmin etmək Azərbaycanın haqq işidir. Biz bu məsələdə Azərbaycanı hər zaman beynəlxalq təşkilatlarda dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.”

Fayiz bin Abdullah Əl-Şəhri parlamentlərarası əlaqələrimizin inkişaf etdirilməsini, qarşılıqlı görüşlərin intensivləşməsini, özəl sektorlar arasında birgə fəaliyyətin qurulmasını, səfirliklərdə və turizm sektorunda Azərbaycan və ərəb dillərini bilən mütəxəssislərin olmasını vacib sayıb.

Videokonfransda Milli Məclisin deputatı Kəmallədin Qafarov, Səudiyyə Ərəbistanı Krallığı parlamentinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR