Azərbaycan XİN başçısı: “Müharibədən sonra da danışıqlara açıq olduğumuzu dəfələrlə bəyan etmişik”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 15:32 (UTC +04:00)

“Biz hər birimiz Vətənimiz, xalqımız, dövlətimiz üçün çox tarixi günləri yaşayırıq. Bir neçə gündən sonra ölkəmizin 30 illik müstəqillik tarixində ən böyük çağırış, ən böyük problem olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini - böyük Zəfərimizi qeyd edəcəyik”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu istiqamətdə ən böyük nəticə başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün xalqın, Azərbaycan dövlətinin birgə mövqeyi, birliyi, sərgilədiyi iradənin nəticəsi idi: “Biz burada Müzəffər Azərbaycan Ordusunun xidmətlərini xüsusi olaraq qeyd edərək şəhidlərimizin ruhu qarşısında baş əyirik Onların canı və qanı bahasına əldə edilmiş bu qələbə bütün Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqı bu qələbə ilə onu göstərdi, onu sübut etdi ki, Azərbaycan xalqı çox ulu, böyük bir xalqdır. Azərbaycan xalqı qarşılıqlı addım atmağa hazır olan bir xalqdır. Azərbaycan xalqı, Azərbaycan dövləti 30 ilə yaxın bir müddət ərzində əlindən gələni etdi ki, bu məsələ siyasi yolla həll edilsin. Və biz bu prosesə sadiqik. Hər biriniz də şahid olmusunuz ki, müxtəlif dövrdə Azərbaycan müxtəlif vəziyyətlərdə olarkən danışıqlar prosesindən çəkinməyib. Danışıqlar prosesinə biz heç vaxt yox deməmişik. Bunu müharibədən öncə də, müharibə zamanı da beynəlxalq ictimaiyyət, vasitəçi dövlətlər tərəfindən olan bütün çağırışlara Azərbaycan qarşılıq verib. Müharibədən sonra da biz danışıqlara açıq olmağımızı dəfələrlə bəyan etmişik. Hər zaman Azərbaycanın mövqeyi çox prinsipial və ədalətli olub. Biz beynəlxalq hüququn, tarixi ədalətin bərpa edilməsini tələb etmişik, bunda israrlı olmuşuq”.

Firuzə Vahid

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR