Bakının azad edilməsinin ildönümü münasibətilə Türkiyə səfirliyində tədbir keçirilib - FOTO

Bakının azad edilməsinin ildönümü münasibətilə Türkiyə səfirliyində tədbir keçirilib - FOTO

© APA | Bakının azad edilməsinin ildönümü münasibətilə Türkiyə səfirliyində tədbir

# 15 sentyabr 2021 18:58 (UTC +04:00)

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Dövlət Himni və Türkiyənin milli marşı səsləndirilib.

Tədbirdə Türkiyə Baş Ombudsmanı Şərəf Malkoç, Azərbaycan Milli Məclisinin deputatları da iştirak edib.

Tədbirdə çıxış edən səfir Cahit Bağçı Türkiyə-Azərbaycan qardaşlığından danışıb, 15 sentyabr tarixinin əhəmiyyətindən söz açıb.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç isə bildirib ki, Nuru Paşanın gəlişi ilə Azərbaycan gəncləri, Azərbaycan Silahlı Qüvvələri birlik olub Bakını işğaldan azad edib: “Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin yaxşı münasibətlərindən narahat olanlar ola bilər. Prezidentlərimizin bu münasibəti Türkiyədəki türklərlə Azərbaycandakı qardaşlarımızın münasibətlərini yaxşılaşdırır. Zəfərlər Qarabağda olduğu kimi, sadəcə silahla qazanılmır. Dayanıqlı inkişafı davam etdirmək üçün onu sosial, iqtisadi platformalarda dəstəkləmək lazımdır. Biz İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası, Türkiyə Ombudsmanlığı olaraq bu əməkdaşlığı inkişaf etdiririk”.

O, Türkiyə və Azərbaycanın 103 il əvvəlki ölkələr olmadığını da diqqətə çatdırıb: “Həmin vaxt Türk və İslam dünyası çöküşdə idi. İndi isə Azərbaycan və Türkiyənin dostluğu sayəsində Türk və İslam dünyası inkişafa doğru gedir. Bizim qarşımızda geniş hədəflər var. Dünyada müharibələr gedir, insan haqları pozulur. Dünya yeni bir çıxış, mədəniyyət gözləyir. Bu da mərhəmətə, şəfqətə dayanır. Bu anlayışın toxumlarını Azərbaycanda, Türkiyədə görürük. Bu toxumlar böyüyüb ağac olacaq. Osmanlının, Səlcuqların dövründə olduğu kimi... Bu toxumların fidan olması üçün çox çalışmaq lazımdır”.

Deputat Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycan bu gün ilk dəfə bu əlamətdar günü torpaq bütövlüyünü bərpa etmiş şəkildə qeyd edir.

Deputat Qənirə Paşayeva isə Qarabağda torpaqlar işğal olunanda bir nəslin xoşbəxtliyi itirdiyini qeyd edib: “Biz Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsini, Qarabağda baş verənləri filmləşdirməliyik. Kinolar çəkməliyik”.

Deputat Məlahət İbrahimqızı bildirib ki, 15 sentyabr əslində Azərbaycanın bolşevik işğalından azad olunması tarixidir: “Nuru Paşa təkcə Bakını işğaldan azad etməyib. Nuru Paşa Naxçıvandan gəlib. Osmanlının çöküşü, I Dünya Müharibəsi ərəfəsində türk qardaşlarımız Azərbaycanı unutmadı. Coğrafiya bizim taleyimizdir. Bu coğrafiya türk millətinin taleyidir. Biz bu taleyin hər zaman zəfərlə başa çatması üçün əlimizdən gələni etməliyik. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı dünyaya bir nümunədir”.

Tədbir türkiyəli və azərbaycanlı siyasi ekspertlərin çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR