Bəhruz Məhərrəmov: “İƏT-in Aşqabad Bəyannaməsi Azərbaycan üçün mühüm tarixi-siyasi qələbədir”

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 29 noyabr 2021 14:49 (UTC +04:00)

“İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci zirvə görüşü və toplantıda qəbul edilən Aşqabad Bəyannaməsi Azərbaycan üçün mühüm tarixi-siyasi qələbədir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, təşkilatın Aşqabadda formalaşan yekun qənaətinin Azərbaycanın davamlı olaraq müdafiə etdiyi tezislərlə tam üst-üstə düşməsinin şahidi olduq: “44 günlük müharibə dövründə aşkar formada bizə əks cəbhədə dayanan bəzi dövlətlərin belə imzaladığı sənəddə Azərbaycanın zəfəri və hərbi-siyasi yolla 30 illik işğala son qoyması Cənubi Qafqazda sülh, sabitlik və tərəqqi üçün yeni başlanğıc kimi qiymətləndirilir. İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 üzvündən 3-nün sənədə imza atmaqla Azərbaycana açıq dəstək verməsi, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının çətirindən rəsmi Bakıya qarşı istifadə edə bilməyəcəyi reallığını ortaya çıxardı. Sənəddə əksini tapan ən mühüm məsələlərdən biri isə heç şübhəsiz ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində başlanan quruculuq prosesində iştirak etməyə, həmin ərazilərə investisiya qoymağa çağırışın əksini tapmasıdır. Bu, sözsüz ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın yaratdığı reallığa və haqq işimizə verilən ən ali siyasi dəstək kimi qəbul olunmalıdır”.

B. Məhərrəmov qeyd edib ki, bütün platformalardan milli maraqların təmini naminə maksimal istifadə edən Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısındakı nitqi ilə də bu tendensiyanı uğurla davam etdirdi: “Ermənistan üçün növbəti fiasko sayıla biləcək proseslərin fonunda qalib ölkə olan Azərbaycanın sülh niyyətini bir daha bəyan etməsi rəsmi Bakının regiondakı hədəflərinin yalnız beynəlxalq hüquqa əsaslandığını, sülh, sabitlik və əməkdaşlıq mühitinə hesablandığını əməli olaraq ortaya qoydu. Maraqlıdır ki, dövlət başçısının çıxışında bir daha Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etməsi İrəvanı faktiki olaraq süni bəhanələrdən məhrum etmiş oldu. Xüsusilə Soçi görüşündən sonra Ermənistandan bu çağırışlara artıq müəyyən müsbət reaksiyalarının müşahidə edilməyə başlanması proseslərin rəsmi Bakının istəyinə uyğun reallaşdığını göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR