BMT İP-nin Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyət müddəti başa çatıb

Alessandro Frakassetti

© APA | Alessandro Frakassetti

# 06 noyabr 2021 15:51 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsi Alessandro Frakassetti BMTİP-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət müddətini tamamlayıb. O, hazırda BMT İP-nin Misirdəki rezident nümayəndəsi olaraq yeni vəzifəsini icra etməyə hazırlaşır.

BMT İP-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya verilən məlumata görə, A. Frakassettidən sonra yeni təyinat olana qədər BMTİP rezident nümayəndəsinin hazırkı müavini xanım Çaru Bist Azərbaycanda rezident nümayəndə vəzifəsini müvəqqəti olaraq icra edəcək.

A. Frakassetti beş ildən sonra fəaliyyətini yekunlaşdırarkən “Azərbaycanda 2030-cu il Gündəliyinin icrası, eləcə də heç kəsi kənarda qoymamaq naminə ortaq öhdəliyimizi yerinə yetirmək üçün bu ölkəyə və Azərbaycan xalqına xidmət etmək bir imtiyaz idi”, deyə qeyd edib.

BMT İP 1992-ci ildə Azərbaycanda ölkə ofisini açan ilk BMT agentliyi olub və o vaxtdan etibarən donorlarla birlikdə inkişaf proqramlarına 200 milyon ABŞ dollarından çox sərmayə qoymuşdur və hazırda bu proqramların həyata keçirilməsi üçün hökumətlə sıx əməkdaşlıq etməkdədir.

Bu onilliklər boyu davam edən tərəfdaşlıq ərzində BMT İP, ən böyük səylərini dövlət xidmətlərinin islahatı istiqamətində hökumətə dəstək olmaq, həmçinin ədliyyə, gömrük və pensiya sistemləri kimi sahələrdə əlçatanlığı və şəffaflığı artırmağa həsr etmişdir.

A. Frakassettinin rəhbərliyi altında, eləcə də artan tərəfdaşların dəstəyi ilə BMT İP xüsusilə gənclərin, qadınların və əlilliyi olan insanların həyatını yaxşılaşdırmaq üçün çoxsaylı yenilikçi təşəbbüslərin və xidmətlərin layihələndirilməsinə və həyata keçirilməsinə kömək etmişdir. Kənd yerlərində minlərlə qadına sosial və iqtisadi dəstək verən Qadın Resurs Mərkəzləri şəbəkəsinin Azərbaycanda genişlənməsi bu nəticələrdən biridir.

BMTİP proqramı, həmçinin ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə hökumətin daha geniş strateji gündəliyini dəstəkləmək məqsədilə peşə təhsili, aqrobiomüxtəliflik, kənd yerlərinin inkişafı, aktiv əmək bazarı tədbirləri, tibbi təchizat, dayanıqlı turizm, KOM-lara və vətəndaş cəmiyyəti təşkilatlarına dəstək istiqamətlərində, habelə digər sahələri əhatə edəcək şəkildə genişlənib.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı ofisi, həmçinin ölkənin biomüxtəlifliyinin daha yaxşı mühafizəsini təmin etmək məqsədilə bir sıra yeni təşəbbüslər, o cümlədən iqlim dəyişikliyinə hazırlıq və mübarizə tədbirləri həyata keçirib.

A. Frakassettinin səlahiyyət müddəti COVID-19 pandemiyasının və 2020-ci il münaqişəsinin başlanmasına da təsadüf etdi. Bu böhranlara sürətlə cavab verən BMT İP, məşğulluq, səhiyyə və təhsil kimi əsas sektorlarda pandemiyanın təsirini aradan qaldırmaq üçün hökumət və BMT ailəsi ilə sıx əməkdaşlıq etdib. BMTİP-nin Bərpa Proqramı isə münaqişədən sonra humanitar minatəmizləmə əməliyyatı da daxil olmaqla bərpa və yenidənqurma ehtiyaclarını qarşılamağa kömək edir.

A. Frakassetti BMT İP-nin bu illər ərzində Azərbaycan hökuməti ilə dəyərli tərəfdaşlığının və qarşılıqlı əməkdaşlığının əhəmiyyətini vurğulayıb, BMT-nin İnkişaf Proqramının 2030-cu il Gündəliyinə, BMTİP-nin Strateji Planına və təşkilatın Azərbaycanda həyata keçirdiyi 2021-2025-ci illər üzrə Ölkə Proqramına uyğun olaraq, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinə öz töhfəsini verməklə Azərbaycanda bütün insanların dayanıqlı gələcəyinin təmin edilməsində ölkəyə yardım etməyə sadiq qaldığını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR