BMTM-nin “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr” adlı hesabatının təqdimatı keçirilib

BMTM-nin “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr” adlı hesabatının təqdimatı

© APA | BMTM-nin “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr” adlı hesabatının təqdimatı

# 11 oktyabr 2021 13:03 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) ingilis dilində hazırladığı “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr” adlı hesabatın təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə bir sıra ölkələrin diplomatik korpus nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən BMTM-nın sədri Fərid Şəfiyev bildirib ki, hesabat müharibə, onun nəticələri ilə bağlı olsa da, burada gələcək əməkdaşlıq, Cənubi Qafqazda sülh və tərəfdaşlıq da diqqət mərkəzindədir. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həllinə töhvə vermək üçün razılaşdırılan “Madrid prinsipləri”nin qəbulundan 11 il ötsə də, bu istiqamətdə heç bir irəliləyişin olmaması, yeni təhdidlər və təxribatlar müharibəni qaçılmaz edib. "2020-ci il iyulunda Tovuzda insident baş verdi. Ermənistan mətbuatı da bəyan etdi ki, bu, Azərbaycanın infrastrukturunu məhv etməyə yönəlmiş təxribat idi. Biz bu illər ərzində beynəlxalq cəmiyyətin reaksiyasını səbrlə gözlədik, lakin növbəti təxribatlara cavab verməli olduq".

F. Şəfiyev bildirib ki, Qərb mətbuatı "işğal" sözünün istifadəsindən qaçır, lakin ortada işğal faktı var, bu, daxili münaqişə deyil, beynəlxalq münaqişədir, beynəlxaq hüquqda, BMT qətnamələrində də əks olunub: "Bütün işğalçı qüvvələr Azərbaycan torpaqlarından şərtsiz və dərhal çəkilməlidir".

Daha sonra hesabatın hazırlanmasında iştirak etmiş BMTM-nin İdarə Heyətinin üzvü Esmira Cəfərova çıxış edib. O bildirib ki, ilk zamanlarda Paşinyan administarsiyasından müsbət siqnallar qeydə alınsa da, daha sonra Ermənistan hökumətinin ritorikasında dəyişiklik olub. İlk müsbət siqnallar aqresiyaya, təxribata çevirilib. "2020-ci ilin iyulunda Qarabağ regionundan uzaq olan Tovuzda baş verən insidentin şahidi olduq".

O bildirib ki, Azərbaycan tərəfi 28 il sülh danışıqlarına sadiq olub, lakin bu danışqlarda nəticənin olmaması müharibəyə gətirib çıxarıb: "44 günlük döyüşdə hər iki tərəfdə itkilər olub. Xüsusilə Azərbaycan tərəfdən mülki itkilər daha çox olub, Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə Ermənistanın məqsədli hücumlarında mülki vətəndaşlar öldürülüb. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, onun hədəfi mülki vətəndaşlar deyil".

Tədqiqatçı bildirib ki, noyabrda üçtərəfli bəyannamə imzalanıb lakin bu bəyannamədə əks olunan bəndlərin bəziləri həll olunmayıb: "Hələ də həll olunmamış məqamlar var, zamanla bu məqamların həllində mübət inkişaf görəcəyik".

E. Cəfərova daha sonra müharibə dövründə erməni diasporunun fəaliyyəti barədə məlumat verib və bildirib ki, erməni diasporu aktiv şəkildə Azərbaycanın əleyhimə işləyib və eyni zamanda, öz ölkələrinin hökumətini, ordunu zəifliyə görə tənqid edib, atəşkəsə razılaşmayıblar: "Belçika, Fransa, ABŞ-da erməni diasporunun aktiv fəaliyyətini görürdük. Onlar Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına razı deyil".

Hesabatın hazırlanmasında iştirak etmiş Orxan Bağırov münaqişə və münaqişədən sonrakı iqtisadi məqamlarla bağlı araşdırmasını təqdim edib.

Onun sözlərinə görə, müharibənin bitməsi ilə yeni geoiqtisadi vəziyyət meydana çıxıb. Tədqiqatçı Zəngəzur dəhlizinin və bütün kommunikasiyaların açılmasının regiona verəcəyi xeyirləri təhlil edib. O bildirib ki, nəticədə Ermənistan regional layihələrə qoşula biləcək, izolasiyadan çıxacaq: “Naxçıvanla Azərbaycan arasında komunnikasiya daha rahat olacaq. Geoiqtisadi xəritənin dəyişməsi ilə regional mühit daha çox investisyaların cəlbinə yol açacaq”.

BMTM-nin əməkdaşı Vasif Hüseynov isə hesabatda Qarabağ münaqişəsini beynəlxalq münasibətlər kontekstindən araşdırıb. O bildirib ki, beynəlxalq vasitəçiliyin uğursuzluğu müharibəyə gətirib çıxarıb. Onun sözlərinə görə, beynəlxalq sənədlər və qətnamələr Azərbaycanın torpaqlarından Ermənistan ordusunun dərhal və şərtsiz çəkilməsini tələb etsə də, dəyişiklik olmayıb.

V. Hüseynov bildirib ki, postsovet ölkələrindəki digər münaqişələrlə müqayisədə Qarabağ münaqişəsinin beynəlxlaq vasitəçiliklə həll olunması potensialı daha çox olsa da, münaqişənin həllində nəticəyə nail olmaq mümkün olmayıb.

O bildirib ki, hesabatda 44 günlük müharibə hərbi kontekstdən də araşıdrılıb. “Bu müharibə hərbi ekspertlərin xüsusi diqqətini çəkib, dronlardan istifadə hərbi strategiya üçün yenilik olub”.

Təqdimatln sonunda auditoriyanın sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR