Britaniya səfiri Qlazqo iqlim sammitinin hədəflərini və Azərbaycandan gözləntiləri açıqlayıb - MÜSAHİBƏ

Ceyms Şarp

© APA | Ceyms Şarp

# 28 oktyabr 2021 12:39 (UTC +04:00)

Bu il Britaniya İtaliya ilə birgə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) ev sahibliyi edəcək. Oktyabrın 31-də Qlazqoda başlayacaq konfrans noyabrın 12-dək davam edəcək.

Konfransda ölkələr iqlim dəyişikliyi ilə mübarizə planlarını təqdim edəcək, həmçinin, 2015-ci ildə Paris Razılaşmasından bəri bu istiqamətdə gördükləri işlər barədə bir növ hesabat verəcək.

Bildirilir ki, ev sahibi ölkə olaraq Böyük Britaniya, ehtimal ki, bütün ölkələrin 2050-ci ilə qədər emissiyaları sıfıra endirməyi və 2030-cu ilə qədər qaz tullantılarında irimiqyaslı azalmaları nəzərdə tutan bəyanatın dəstəkləməsini istəyəcək.

Həmçinin, kömür sənayesi, benzin və dizellə işləyən avtomobillərin istifadəsinin məhdudlaşdırılması və təbiətin qorunması ilə bağlı konkret vədlər istənəcək.

Konfransa ev sahibliyi edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İqlim Dəyişikliyi Konfransı ərəfəsində APA-ya müsahibə verib.

- Qlazqoda keçiriləcək COP26-nın məqsədi və ondan gözləntilər nədir?

- Siz 2015-ci ildə qəbul olunan Paris Sazişinə baxmalısınız, dünya temperatur yüksəlməsini saxlamaq və temperaturu 2 dərəcədən aşağı, mümkün olarsa, 1.5 dərəcədə saxlamağa çalışmaqla bağlı öhdəlik götürüb. Paris iqlim sazişinin ən iddialı hədəfi qlobal istiliyin yüksəlmə səviyyəsinin 1,5 və ya ən çox 2 dərəcə həddinin altında qalmasıdır.

Parisdə keçirilən Sammitdə bütün ölkələr qaz tullantılarının - emissiyaların azaldılması ilə bağlı, həmçinin bu əsrin ortalarına qədər xalis sıfır emissiyaya çatmağa çalışacaqlarını öhdələrinə götürdü. Sual indi bizim bu istiqamətdə nəyə nail olmağımızdır və açıq desək, cavab heç də yaxşı deyil. Beləliklə, noyabrın əvvəlindən başlayacaq və təxminən iki həftə ərzində keçiriləcək Qlazqo sammiti Paris razılaşmasından sonra baş verənləri nəzərdən keçirməyə və irəlidə daha iddialı öhdəliklər götürməyə imkan verəcək.

Qlazqoda etmək istədiyimiz iki əsas şey var. Onlardan biri dünyanın bütün ölkələrinin azalma hədəfləri ilə bağlı iddialı olmasına nail olmaqdır. Dediyimiz odur ki, biz, Britaniya olaraq və bir çox inkişaf etmiş Avropa ölkələri buna nail olmaq üçün güclü hədəflər irəli sürmüşük. Ancaq indi əsas məqam ondan ibarətdir ki, biz inkişaf etməkdə olan ölkələri emissiyaların azaldılması ilə bağlı hədəflərə daha yaxından cəlb etməliyik. Hazırda dünyanın ən çox emissiyasını buraxan ölkələrə baxsanız, görəcəksiniz ki, emissiyaların 28%-i ilə Çin birinci yerdədir, Hindistan isə üçüncüdür.

Biz qlobal həll yoluna, kollektiv həllə, kollektiv fəaliyyətə malik olmalıyıq ki, bütün ölkələr daha sərt azalma hədəflərini öhdəsinə götürsün. Bu ölkələr də uzunmüddətli strategiyaya sadiq olduqları bildirir, bu da o deməkdir ki, əsrin ortalarına qədər xalis sıfır emissiya hədəfinə nail olacağıq. Beləliklə, bu, Qlazqoda etmək istədiyimiz böyük işlərdən biridir.

İkinci böyük məsələ bu hədəfi dəstəkləmək üçün maliyyə tapmaqdır. Başa inkişaf etmiş dünya ölkələri olaraq uzun müddət iqtisadi artımdan bəhrələnirdik, neft və qazdan faydalanırdıq və indi yaxşı yerdəyik. İnkişaf etməkdə olan dünya, təbii ki, adını çəkdiyim Hindistan, Çin və digər ölkələr də inkişafa davam etmək istəyir. Onlar öz vətəndaşları üçün firavanlıq arzulayır.

Maliyyənin məqsədi inkişaf etməkdə olan ölkələrə həm emissiyaların azaldılması hədəflərinə çatmaqda, həm də ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaqda kömək etməkdir. Çünki iqlim dəyişikliyi bütün ölkələrə müxtəlif şəkildə təsir edir. Buna məhsul çatışmazlığı, dənizlərin səviyyəsinin qalxması aiddir. Meşə yanğınları və daşqınlarla bağlı xəbərləri görürük. Beləliklə, düşünürəm ki, noyabr ayında Qlazqoya gələn bir çox ölkə ya azalma hədəflərimizə çatmaq, ya da iqlim dəyişikliyinə uyğunlaşmaya kömək etmək üçün maliyyə axtaracaq. Beləliklə, Qlazqoda həll edilməli bir çox məsələ var. Həmçinin, bəzi konkret məsələlər var ki, biz də razılaşma əldə etmək istəyirik, məsələn, kömürün azaldılması. Çünki kömür çirklidir. Karbon emissiyalarının 45%-i kömürün payına düşür. Böyük Britaniya elektrik enerjisi istehsalı üçün kömürdən istifadə etmir, onun payı bu prosesdə bir və ya iki faizdir. Bu istiqamətdə təxminən 30 il əvvəl böyük bir dəyişiklik oldu.

Diqqət yetirmək istədiyimiz digər məqam isə avtomobillərdir.

Biz Britaniya olaraq 2030-cu ildən sonra benzin və dizellə işləyən avtomobil satmayacağımızı bəyan etmişik. Beləliklə, bizi böyük bir öhdəlikdən cəmi 9 il ayırır. 2030-cu ildən sonra Britaniya həm də benzin və dizellə işləyən avtomobillər almayacaq.

Digər məslə ağaclarla bağlıdır. Daha çox ağac kəsilir, daha çox karbon buraxılır. Beləliklə, biz bütün ölkələrin daha çox ağac əkməsini, meşələrin qırılmasının qarşısını almağı, ağacların kəsilməsini dayandırmasını və bunun həllini tapmaq üçün öhdəlik götürməsini istəyirik.

Çünki ağacların kəsilməsində kənd təsərrüfatı böyük rol oynayır, o həm də istixana qazlarının emissiyasına səbəb olur.

Qlazqoda həll edilməli olan çox məsələ var. Ümumilikdə isə biz optimistik, çox irəliləyiş görəcəyimizə ümid edirik. Sadəcə, bütün ölkələri daha sərt azalma hədəfləri irəli sürmək, digər ölkələrə kömək etmək üçün maliyyənin toplanması ilə bağlı təşviq etməliyik.

- COP26-da Azərbaycandan gözləntilər nədir?

- Daha sərt hədəflər... 2030-cu ilə qədər azalma hədəfləri olan milli miqyasda müəyyən edilmiş töhfələr adlandırılacaq daha sərt hədəflər. Azərbaycan hazırda 1990-cı ilə müqayisədə 35% azalma edir və biz eşidirik ki, istixana qazı ilə müqayisədə karbon emissiyalarını daha çox azaltmaq çətindir. 1990-cı ildə biz qaz tullantılarını 44% azaltdıq, lakin eyni zamanda iqtisadiyyatımız 78% artmışdı. Beləliklə, emissiyaların azaldılması ilə iqtisadi artımı uzlaşdırmaq mümkündür. Biz arzu edirik ki, Azərbaycan daha sərt azalma hədəfi ilə çıxış edə bilsin. Mən həm də hökumətin bu əsrin ortalarına qədər xalis sıfır öhdəliyini götürməsini görmək istərdim.

Azərbaycanı karbohidrogen istehsalçısı, neft və qaz istehsalçısı kimi tanınır. Düşünürəm ki, karbohidrogendən istifadəni necə azalda biləcəyi ilə bağlı onun istehsalçılarının üzərinə xüsusi məsuliyyət düşür. Eyni zamanda, biz Azərbaycanın iqtisadiyyatının buna əsaslandığını bilirik. Neft və qaz hasilatından uzaqlaşmaq üçün müəyyən vaxt lazımdır. Amma mən hesab edirəm ki, burada yaxşı cəhət beynəlxalq şirkətlər arasında əsas operator olan BP-nin Azərbaycanda fəaliyyət göstərməsidir. Çünki BP özü 2050-ci ilə qədər xalis sıfır öhdəliyi götürüb. Deməli, BP özü burada addımlar atacaq, indiyə qədər də atıb. Məsələn, neft və qaz hasilatından emissiyaların azaldılması buna nümunədir. Hesab edirəm ki, bu, ölkədə neft və qaz hasilatı, istixana qazlarının, karbon tullantılarının əsas emissiyası, əsas səbəbidir. Beləliklə, BP-nin burada etdiyi qlobal hədəflərə çatmağa kömək etməkdir. Hesab edirəm ki, şirkətin emissiyaların daha da azaldılmasında Azərbaycana kifayət qədər mühüm töhfəsi olacaq.

Hökumət bərpa olunan enerjinin artırılmasında qərarlıdır. Biz bununla bağlı onlarla işləyirik, agentliklərə problemləri başa düşməyə kömək etmək üçün çoxlu seminar təşkil edirik və tənzimləyici islahatlar üçün onlarla əməkdaşlıq edirik. Məsələn, biz dəniz küləyi ilə bağlı tədqiqatı maliyyələşdirdik. Çünki hesab edirik ki, Azərbaycanın dəniz külək enerjisi üçün böyük potensialı var. Böyük Britaniya dəniz külək enerjisi istehsalında dünyada liderdir. Düşünürəm ki, bu sahədə bizim Azərbaycana təklif edəcəyimiz çox şey var. Biz münaqişədə zərər çəkmiş iki şəhər - Gəncə və Bərdədə binaların enerji səmərəliliyi ilə bağlı maliyyə vəsaiti ayırmışıq.

Azərbaycanın BP və bizimlə görə biləcəyi bir sıra iş var. Azərbaycanın qarşısına daha sərt hədəflər qoyması mümkündür. Azərbaycan nümayəndə heyəti ilə Qlazqoda görüşü və onların vədlərini eşitməyi səbirsizliklə gözləyirik.

- Qlazqoda keçiriləcək konfransda yaradılması hədəflənən fonda ianə üçün hansısa formul varmı? Məsələn, böyük ölkələrin daha çox vəsait ayıracağı kimi...

- Bu, könüllüdür və biz daha çox inkişaf etmiş - OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı-red.) ölkələrinin fonda töhfə verəcəyini gözləyirik. Düşünürəm ki, Çin qəribə vəziyyətdədir. O, hələ də özünü inkişaf etməkdə olan ölkə kimi görmək istəyir. Fikrimcə, bunun məntiqi odur ki, görülməli çox iş var. Həm Çin, həm də Hindistan deyəcək ki, onların emissiyaları çox yüksək olsa da, adambaşına düşən emissiya Qərbdəkindən xeyli aşağıdır. Onlar hələ də özlərini bəzi güzəştlərə və kompromislərə layiq görürlər. Ona görə də biz OECD ölkələrindən, zəngin inkişaf etmiş dünya ölkələrindən fonda illik yüz milyard dollar ianə verilməsini gözləyirik. İanə üçün hər hansı düsturun, formulun olduğunu düşünmürəm. Məncə, bu, həqiqətən, könüllülük əsasındadır. Həm də Qlazqo yolun sonu deyil, lazım olan hədəfə çatmasaq, yeni cəhdlər olacaq.

- COVID-dən sonrakı dövrdə iqtisadiyyatların bərpası görürük, xüsusən də inkişaf etməkdə olan ölkələr bundan məmnundur. Neft və qaz qiymətlərinin artması bir növ bunun sübutdur. Beləliklə, inkişaf etməkdə olan ölkələri iddialı planlara necə inandırmaq olar?

- Bu, əslində çox böyük sualdır. Çox yüksək neft və qaz qiymətləri onları bərpa olunan enerji mənbələrinə ehtiyacları olduğuna müəyyən dərəcədə inandıracaq. Çünki bu gün bərpa olunan enerji mənbələrini qurmaq daha ucuz başa gəlir. İqtisadiyyatların həm tələb, həm də təklif baxımından uzun müddət ərzində necə işləyəcəyi ilə bağlı maraqlı sual yaranır. Məsələn, BP kimi şirkətlərin təchizatına baxın. BP, “Shell” kimi şirkətlərə Qərbdə, Avropada neft və qaz hasilatını dayandırmaq üçün çoxlu təzyiq var. Şirkətlər bu təzyiqə mümkün qədər karbonsuzlaşmaya sərmayə qoymaqla cavab verir.

Beləliklə, hamımız bunun bir tərəfdən baş verdiyini görürük. Ölkələr baxımından, əslində, neft və qaz istehsalçıları mümkün qədər çox hasil etmək istəyəcək, çünki onların gəlirləri buna əsaslanır. Buna görə də buna tam nail ola bilmərik. Bu səbəbdən də azalma hədəfləri ilə bağlı qlobal razılığa gəlməliyik, çünki yalnız bununla karbohidrogenlərə olan tələbatı azalda bilərik. Biz bu öhdəliklər vasitəsilə tələbləri azaltmalıyıq.

Biz hələ də neft və qaza tələbatın olacağını bilirik. Beynəlxalq enerji agentliklərinin hesabatlarına baxsanız, neft və qazın istehlakının illər ərzində artmağa davam edəcəyini düşünürlər. Lakin bu, emissiyaların illər ərzində artacağı demək deyil.

Düşünürəm ki, neft və qazdan istifadəni davam etdirsək də, elm bizi başqa həll yolları ilə təmin edəcək. İnanıram ki, cəmiyyət cavab tapa bilər. Bəşəriyyət həll yollarını tapmaqda çox ağıllıdır.

Tələb baxımından siz dünyanın müxtəlif yerlərində əhalinin təzyiqinin artdığını görəcəksiniz, sadəcə olaraq, çirkli yanacaqlardan istifadəni dayandırmalıyıq. Bu baş verəcək. İnkişaf etməkdə olan dünyanın digər hissələrində də belə narahatlıqlar, etirazlar ola bilər. Bu ölkələr deyə bilər ki, “biz bacarmırıq, hələ də xalqımızı işlə təmin etməliyik". Bu da başa düşüləndir. Amma gəlin dürüst olaq, bu məsələ hamıya, hər bir ölkəyə təsir edir. Bu, Azərbaycana da təsir edir. Hər bir ölkə Qlazqoda yeni hədəflər və yeni razılaşmalar barədə razılığa gəlməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR