Ceyhun Bayramov: “Azərbaycan-Qazaxıstan münasibətləri dinamik inkişaf edir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 21 iyun 2021 13:03 (UTC +04:00)

“Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul edilib”.

APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, görüşdə ölkələr arasında əlaqələrin geniş spektrinə nəzər yetirilib: “Daha sonra həmkarımla təkbətək və geniş tərkibli görüşlər keçirilib, gündəlikdəki məsələlər müzakirə edilib. Əsrlərlə xalqlarımız arasındakı münasibətlər dostluğa əsaslanıb. Hazırda ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlər möhkəm əsaslar üzərində qurulub. Ali və yüksək səviyyəli səfərlərin xüsusi əhəmiyyəti var. Bu baxımdan Baş nazirin müavininin səfəri münasibətlərin inkişafında mühüm rol oynayacaq”.

C. Bayramov qeyd edib ki, geniş tərkibli görüşdə ticari-iqtisadi münasibətlərə geniş yer ayrılıb : “Pandemiyanın iqtisadi əlaqələrə mənfi təsiri müzakirə olunub. Qarşıda duran əsas məsələ iqtisadi sahədə pandemiyadan əvvəlki dövrün göstəricilərinin bərpa edilməsidir. Yaxın gələcəkdə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini gözləyirəm. Tranzit əlaqələrinin dəyərləndirilməsi və bu istiqamətdə qarşılıqlı addımların atılması müzakirə predmeti olub. Azərbaycanın Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinə (TRASEKA) sədrliyi bu istiqamətdə dəyərləndiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR