Ceyhun Bayramov: “Ermənistanın yanaşması bölgədəki vəziyyətə təhdiddir”

Ceyhun Bayramov: “Ermənistanın yanaşması bölgədəki vəziyyətə təhdiddir”

© APA | Ceyhun Bayramov

# 26 iyul 2021 14:19 (UTC +04:00)

"Ermənistan tərəfindən sərgilənən yanaşma üçtərəfli bəyanatlarının icra olunmasına və bölgədəki vəziyyətə təhdiddir."

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov serbiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"İlk üçtərəfli bəyanatdan 8 aydan artıq müddət keçib. Bu bəyanatların bəzi müddəaları icra olunub, bəziləri icradadır və bəli, ümumilikdə müddəaların icrasında çətinliklər var. İlk əvvəl mina təhlükəsizliyi mövzusu ilə bağlıdır. Bəyanatların müddəalarından biri və əsası hərbi əməliyyatların və onlarla bağlı təhdidlərin aradan qaldırılmasıdır”, – o qeyd edib.

Nazir bildirib ki, buna görə də ilk olaraq mina xəritələri təqdim olunmalıdır. "Lakin biz nə görürük, ilk 6-7 ay Ermənistan tərəfi mina xəritələrinin mövcudluğunu inkar edirdi, daha sonra beynəlxalq vasitəçilərin işə qarışmasından sonra xəritələrin bir qismi verildi. Daha sonra Ermənistan Baş naziri çıxış edərək bildirdi ki, bu xəritələr yalnız kiçik qismi təşkil edir. İndiyədək 150-dən çox insan bu minaların partlaması nəticəsində həlak olub və xəsarət alıb. Bu normallaşma, ərazilərimizə həyatın qayıtması, Ermənistan və Azərbaycan arasında etimadın yaradılması üçün vacibdir, amma biz bu məsələdə də destruktiv yanaşma görürük".
Azərbaycan XİN başçısı deyib ki, ikinci məqam kommunikasiyaların açılması ilə bağlıdır və məhz yanvar ayında imzalanan üçtərəfli bəyanatda bu məqam xüsusi qeyd olunur.

"Tərəflərin bununla bağlı öhdəlikləri var. Bəyanatdan sonra aktiv iş başladı, yanvar- fevral aylarında Baş nazirlərin müavinlərinin olduğu işçi qrupunun 6 görüşü baş tutdu, ümidverici nəticələr vardı. Sonra Ermənistan rəhbərliyi seçki öncəsi ritorikanın tərkib hissəsi ilə bağlı çıxışlar, bəyanatlar verdilər, bildirdilər ki, üçtərəfli işçi qrupunda fəaliyyətlərini dayandırırlar. Biz konstruktiv yanaşma görmürük. İctimai formada ziddiyyətli, prosesə zərbə vuran bəyanatların verilməsi prosesə xələl gətirmək xarakteri daşıyır. Ümid edirik ki, Ermənistan bu bəyanatın bəndlərinin həyata keçirilməsinin özü üçün də vacib olduğunu anlayacaq", - nazir vurğulayıb.
C.Bayramov diqqətə çatdırıb ki, delimitasiya prosesi başlamayıb, 30 il işğalçılıq edən ölkə məsuliyyətini başa düşməlidir: “Artıq dövlət sərhədi var, Ermənistan bu reallığı qəbul etməli, normal səviyyədə danışıqlara başlamalıdır, amma biz Ermənistanda qarşılıq görmürük. Destruktiv yanaşmanı Ermənistan həmişə sərgiləyib, bu müxtəlif dövrlərdə və müxtəlif formalarda olub. Öhdəlik var, sənədlər imzalanıb, amma Ermənistan keçmişdə olan hansısa prinsipləri qabartmağa çalışır və bu, sülh prosesini zədələyir. Bundan ən çox əziyyət çəkən elə Ermənistanın özü olacaq. Ümid edirik ki, gec və ya tez qarşı tərəfdən real və konstruktiv addımların atılmasını görəcəyik."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR