Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

© APA | Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

# 28 iyul 2021 15:06 (UTC +04:00)

İyulun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya bildirilib ki, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycanın ərazilərini azad etməsi münasibətilə təbriklərini çatırıb, Pakistan xalqının bu Qələbəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyini vurğulayıb. O, Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini, Azərbaycanın ərazi bütövlüynü hər zaman dəstəklədiyini qeyd edib. Əsəd Qeysər Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrləri arasında ilk üçtərəfli görüşdə iştirakından məmnunluq duyduğunu qeyd edib. Ölkələrimiz arasında parlament istiqamətində əməkdaşlığı, hər iki tərəfdən parlament dostluq qruplarının fəaliyyətinin müsbət təcrübəsinə istinad edən sədr, bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət töhfə verəcəyini söyləyib. Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir üzrə Kontakt Qrupu çərçivəsində fəal iştirakını qeyd edib.

Nazir Ceyhun Bayramov səmimi təbriklərinə görə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədrinə təşəkkürünü bildirib. O bu ilin əvvəlində İslamabadda keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşünə istinad edərək, üçtərəfli formatda keçirilən toplantıların qardaş ölkələr arasında əlaqələrin inkişafına ciddi töhfə verdiyini vurğulayıb. Azərbaycanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq həllini dəstəklədiyini qeyd edib. Nazir, səfər çərçivəsində Pakistan Milli Assambleyası nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya gedərək oradakı vəziyyətlə və ümumiyyətlə, azad olunmuş ərazilərdəki dağıntıların miqyası ilə tanış olmaq imkanını qeyd edib. Nazir, qarşı tərəfə hazırkı post-münaqişə mərhələsi, azad olunmuş ərazilərdəki mina təhlükəsi, həyata keçilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş edildiyini vurğulayan nazir, qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb və Ermənistanı təxribatlardan əl çəkərək, iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu bildirib.

Tərəflər, habelə Azərbaycan və Pakistan arasında iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi üzrə müzakirələr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR