Deputat: “15 iyulda dövlət çevrilişi cəhdinin qarşısı alındı, Ərdoğan Türkiyəni yeni mərhələyə çıxardı”

Elşad Mirbəşir, Milli Məclisin deputatı

© APA | Elşad Mirbəşir, Milli Məclisin deputatı

# 15 iyul 2021 16:33 (UTC +04:00)

“2016-cı il iyul ayının 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edildi. Elə ilk vaxtdan aydın göründü ki, bu cəhdin arxasında Türkiyə sərhədlərindən çox uzaqda yerləşən bəlli siyasi dairələrin birbaşa maraqları mövcuddur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, 15 iyul hadisələri günü-gündən inkişaf edən, güclənən Türkiyə dövlətinə qarşı yönəlmiş xəyanət kimi qiymətləndirilməlidir:

“Təbii ki, Türkiyə kimi güclü bir dövlətin müstəqil siyasət yeritməsi, regionda gedən proseslərə təsir etmək imkanı formalaşdırması Qərb dairələrini ciddi şəkildə narahat edirdi. Yaxşı xatırlayırıq ki, qardaş Türkiyədə parlamentli respublikadan prezidentli respublikaya keçid Qərbdə aşkar tənqidlə qarşılandı. Bu zaman sual olunur ki, bir dövlətin özünün idarəetmə formasını seçməsi özü üçün məqbul bildiyi idarəçilik sistemini formalaşdırması nəyə görə Qərb ölkələrində süng ilə qarşılanır?! Bu sualın cavabı təbii ki, aydındır. Qərb dairələri parlamentli respublikaya özlərinin təsiri altında olan, nəzarət imkanları olan qüvvələr vasitəsilə təsir edə bilirdilər. Müvafiq olaraq da parlamentli respublika yolu ilə Türkiyənin xarici siyasətinə bu və ya digər formada yönləndirici təsirlər edə bilirdilər. Təbii ki, Türk xalqının böyük oğlu Rəcəb Tayyib Ərdoğan ölkəsinin daha sürətlə inkişafını, daha müstəqil xarici siyasət yeritməsini, daha güclü mövqelərə sahiblənməsini prezidentli respublikaya keçiddə görürdü. Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə xalqdan da çox ciddi dəstək aldı, iradə nümayiş etdirdi və prezidentli respublikaya keçid baş verdi. Başqa sözdə, keçirilmiş referendumda bu təşəbbüs dəstəkləndi. Bu da Qərb dairələrini çox ciddi narahat edirdi. Belə olan halda tam müstəqil siyasət yeridərək ölkəsini dünyanın güc mərkəzlərindən birinə çevirmək yolunu seçən Rəcəb Tayyib Ərdoğan Qərb dairələri üçün arzuolunmaz liderə çevrildi və ona qarşı da təxribatların hazırlanması prosesinə start verildi. Çevrilişin arxasında məhz bəlli Qərb dairələri dayanırdı. Onlar Türkiyənin regionda tam müstəqil, öz milli-maraqlarına xidmət edən siyasətini həzm edə bilmirdilər. İstəkləri ondan ibarət idi ki, Türkiyə sadəcə olaraq, Qərbin bəlli ölkələrinin geosiyasi maraqlarının təmin olunmasının bir elementi rolunda çıxış etsin. Rəcəb Tayyib Ərdoğan kimi güclü lider, iradəli dövlət başçısı təbii ki, bunu qəbul etmədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fədakarlığı və qardaş Türkiyə xalqının onun ətrafında sıx birləşməsi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı. Rəcəb Tayyib Ərdoğan Türkiyəni tamamilə yeni mərhələyə çıxardı. Türkiyə bu çətin sınaqdan daha da güclənərək çıxdı. Son illər ərzində qardaş ölkənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər bunun nümunəsidir”.

Deputat qeyd edib ki, R. T. Ərdoğan ölkəsinin tam müstəqil siyasət yürüdən, milli maraqlarını inamla qoruyan, qlobal proseslərdə təsirli rol oynaya bilən beynəlxalq hüquq subyektinə çevirməsi istiqamətində təsirli addımlar atdı və çox böyük nəticələr əldə etdi:

“Bu gün Türkiyəyə ikili standartlar prizmasından münasibət sərgilənməkdədir. Amma buna baxmayaraq, qardaş Türkiyə həm beynəlxalq əməkdaşlıq sistemində, həm də dövlətlərarası münasibətlər sistemində kifayət qədər güclü rola və yerə malikdir”.

Deputat nəzərə çatdırıb ki, Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pislədi:

“Biz həmçinin unutmuruq ki, Türkiyə Ərdoğanın timsalında hər zaman Azərbaycana qardaş münasibəti sərgiləyib, hər zaman Azərbaycanın yanında olub. Türkiyə Vətən müharibəsi dövründə də Azərbaycana yaxından siyasi və mənəvi dəstək verib. Rəcəb Tayyib Ərdoğan, Türkiyə rəsmiləri beynəlxalq tribunalardan, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. Təbii ki, Azərbaycanın da Türkiyəyə qardaş münasibəti hər zaman göz önündə olub. Türkiyə elə inkişaf yoluna qədəm qoyub ki, bundan sonra onu daha böyük zirvələri fəth etmək gözləyir. Azərbaycan-Türkiyə qardaşlığı hər iki dövləti güclü, təhlükəsizliyini etibarlı təmin edir. Ayrıca olaraq, bu iki qardaş ölkənin birliyi regional inkişafı, təhlükəsizliyi, sülhü təmin edir. Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni müstəviyə yüksəlib və əməkdaşlığın gələcək istiqamətləri müəyyən edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR