Deputat: “Almaniya şirkəti Oxuçayda fəlakətli vəziyyət yaranmasına görə məsuliyyət daşıyır”

Tahir Kərimli, Milli Məclisin deputatı

© APA | Tahir Kərimli, Milli Məclisin deputatı

# 07 iyul 2021 18:59 (UTC +04:00)

“Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda böyük rezonans doğurub”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, Ermənistan uzun illər Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Ermənistanın bu ekoloji cinayətlərində bəzi Avropa ölkələri də iştirak ediblər: “Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib. Almaniya şirkəti Oxuçayda fəlakətli vəziyyətin yaranmasında birbaşa məsuliyyət daşıyır. Almaniya mətbuatı və hökumətinin isə “CRONIMET Holding GmbH” şirkətinin ekoloji terrorda iştirakına göz yumduğu diqqət çəkməyə bilməz. Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb. Almaniyanın Yaşıllar Partiyası isə ümumiyyətlə mövzu ilə bağlı mövqe bildirməyə belə lüzum görmür”.

Deputat qeyd edib ki, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Eurovision - 2012, Birinci Avropa Oyunları və digər mühüm tədbirlər zamanı Almaniya mediasının Azərbaycana qarşı aqressiv mövqeyini xatırlatmaq kifayətdir: “Oxuçayda fəlakətli vəziyyətin yaranmasında “CRONIMET Holding GmbH” şirkətinin aktiv iştirak etməsi fonunda Almaniya hökuməti problemdən diqqəti yayındırmağa çalışır, bu məqsədlə mediada Azərbaycana qarşı kampaniya təşkil edir. Belə çıxır ki, Almaniyada demokratiya da, insan hüquqları da, ekoloji siyasət də öz maraq və mənafeləri baxımından müəyyən hallarda lazımlı sayılır, başqa hallarda xarici ölkələrdə belə cinayətlərdə iştirak etmək məqbuldur. Bu yanaşma isə Azərbaycan cəmiyyətində haqlı olaraq kəskin reaksiya doğurur. Azərbaycan hökuməti gələcəkdə hüquqi müstəvidə bu ekoloji terroru törədənlərin cəzalandırılmasına nail olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR