Deputat: “Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin peyvənd millətçiliyinə qarşı mübarizəsini dəstəkləyir”

Məlahət İbrahimqızı, Milli Məclisin Səhiyyə komitəsinin üzvü

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin Səhiyyə komitəsinin üzvü

# 19 noyabr 2021 13:56 (UTC +04:00)

“Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsinə və təşəbbüslərinə bir daha dəstək verib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı vurğulayıb ki, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olub: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı təşkil edilib, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Prezidentin tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub. Varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti İlham Əliyevin gündəliyində olub. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb. Bu yaxınlarda isə Azərbaycan dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib”.

M. İbrahimqızı deyib ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində qəbul edilmiş qətnamə kifayət qədər müfəssəl məzmundadır: “Qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır. Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır. Eyni zamanda COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır. Bütün dövlətlər COVID-19 əleyhinə peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur, BMT Baş Katibinə Baş Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsi tapşırılır”.

O qeyd edib ki, bu qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisidir: “Bu il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınamışdı və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi. Dünən BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnaməyə BMT-yə üzv 126 dövlət həmmüəllif qismində qoşulub, 171 ölkə qətnamənin lehinə səs verib. Bu aspektdə heç bir ölkənin qətnamənin əleyhinə səs verməməsi də diqqət çəkir. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir. Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq. Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. BMT Baş Assambleyanın 3-cü komitəsində qəbul olunan qətnamə beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidentinin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini göstərir”.

M. İbrahimqızı nəzərə çatdırıb ki, Prezident İlham Əliyev bu il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı çıxışında onu da bəyan edib ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Azərbaycan Prezidenti bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib: “Bu təşəbbüs də bir daha Azərbaycan Prezidentinin qlobal mübarizəsinin ardıcıl xarakter daşıdığını göstərir. Ona görə də beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin təşəbbüslərini hər zaman yüksək qiymətləndirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR