Deputat: “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədənlər regionu yeni təhlükələrə sürükləyirlər”

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 15 iyul 2021 21:20 (UTC +04:00)

“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanaraq erməni işğalına son qoydu, torpaqlarımız düşmən tapdağından azad edildi. Ötən il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamaqla məğlubiyyətini etiraf etdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatı və müharibənin nəticələrini dünya birliyi, beynəlxalq təşkilatlar qəbul edir: “Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bir daha münaqişənin başa çatdığını vurğulayıb. Amma biz müəyyən dairələr tərəfindən münaqişənin başa çatmadığı barədə fikirlərin səsləndirildiyinin şahidi oluruq. Bu gün münaqişənin həll olunmadığını deyənlər və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini işlədənlər regionu yeni təhlükələrə sürükləyirlər. Bu, yenə də Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir”.

Millət vəkilinin sözlərinə görə, 30 ilə yaxın dövrdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin nəticəsiz vasitəçiliyi ilə müzakirə mövzusu olmuş “Dağlıq Qarabağın statusu” məsələsi artıq gündəmdə deyil: “Bundan sonra bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir. Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul etməklə yaşaya bilərlər. Prezident İlham Əliyevin imzaladığı Fərmanda Qarabağ iqtisadi rayonuna daxil olan bölgələr məlumdur. Bu o deməkdir ki, “Dağlıq Qarabağ” inzibatı ərazi vahidi artıq mövcud deyil. Ona görə də, hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmağa hüquq verilməyib, o cümlədən ATƏT-in Minsk Qrupunun da belə bir mandatı yoxdur”.

Fatma Yıldırım qeyd edib ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir: “Ermənistan vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə və daha sonra bundan istifadə edib günahlandırmağa çalışır. Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi xarakter daşımır. Lakin Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrda Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır. Prezidentin dediyi kimi, dəmir yumruq hər zaman yerindədir. Bizim qarşımızda heç bir qüvvə dayana bilməz. Biz bütün tarixi torpaqlarımıza qayıdıb o torpaqlarda yaşayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR