Deputat: "Ermənistanla Azərbaycan arasında sülhün şərtlərindən biri də itkin düşmüş şəxslərin aqibətinin müəyyən olunmasıdır”

Kamal Cəfərov

© APA | Kamal Cəfərov

# 31 avqust 2021 11:25 (UTC +04:00)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərovun 30 avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü münasibətilə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı APA-ya müsahibəsi

- Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ermənistan isə bunu etiraf etmir, həmin şəxslər haqqında məlumat açıqlamır. Belə olan halda Ermənistana qarşı hansı hüquqi addımlar atıla bilər?

- Beynəlxalq çərçivədə yeganə hüquqi mexanizm Avropa İnsan Hüquqları Məhkəməsidir (AİHM). Bununla əlaqədar olaraq, dövlətlərarası ərizə 2020-ci il yanvarın 15-də AİHM-ə təqdim edilib. Ərizədə Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin, Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.

Qeyd etməliyəm ki, bu ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan hökuməti tərəfindən təqdim edilib, dövlətlərarası ərizədir və Ermənistana qarşı ilk işdir. Burada əsas məqsəd Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin Ermənistan tərəfindən birbaşa pozuntusu sübut etməyə nail olmaqdır. Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, qarşıya qoyulmuş hədəfə çatacağıq. Birincisi, bu bizim haqq və beynəlxalq ədalət uğrunda mübarizəmizdir. İkincisi, AİHM təcrübəsində dövlətlərə qarşı bu cür iddialar qaldırılıb, bizim ərizəmizin də xeyrinə olan işlər var. Yekun olaraq, onu da qeyd etməliyəm ki, dövlətlərarası ərizənin hazırlanmasında Azərbaycan tərəfindən tanınmış və çox peşəkar hüquqşünaslar iştirak edib.

- Azərbaycanlıların əsir və girovluqda olarkən işgəncələrə məruz qalması, qul kimi işlədilməsini təsdiqləyən faktlar mövcuddur. Elə bu yaxınlarda Mkrtçyan və Xosrovyanın birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş azərbaycanlılara işgəncə verdiyi zərərçəkənlərin şahidliyi ilə məhkəmədə təsdiqini tapdı. Azərbaycanlı əsir və girovların işgəncələrə məruz qalmasına görə Ermənistan beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb oluna bilərmi?

- Bütün qeyd etdiyiniz faktlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilən dövlətlərarası ərizədə öz əksini tapıb. Sadəcə elə spesifik məsələlər var ki, misal üçün Mkrtçyan və Xosrovyanın törətdikləri cinayət barədə AİHM-ə müraciət edə bilmirik. Çünki bu cinayətlər həm Azərbaycan, həm də Ermənistan AİHM-ə qoşulmamışdan öncə baş verib. Biz əlbəttə ki, bu faktları göstərmişik, demişik, ümumi kontekstdə AİHM-ə təqdim edilən ərizədə qeyd etmişik. Hesab edirəm ki, Mkrtçyan və Xosrovyanın əməllərinə Azərbaycan məhkəməsi öz hüquqi qiymətini verir. Bu da onu göstərir ki, necə ki, işğalda olan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu azad etdi, haqq-ədaləti bərpa etdi, bu məsələdə də, ədaləti Azərbaycanın məhkəmə hakimiyyəti bərpa edir.

Ancaq AİHM-ə itkin düşmüşlərlə bağlı təqdim etdiyimiz müraciətdəki vəziyyət bir qədər fərqlidir. Çünki burada davam edən pozuntu (continuing violation) mövcuddur. Bu günə qədər Ermənistan tərəfindən 3890 şəxsin aqibətinin araşdırılması ilə bağlı hər hansı tədbir görülməyib. Ona görə də törədilmə vaxtından asılı olmayaraq, bizim müraciət etmək hüququmuz var və bu hüquqdan tam istifadə etmişik.

- Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. Xocalı soyqırımı zamanı əsir və girov götürülmüş azərbaycanlılardan 196 nəfərin, o cümlədən 36 uşaq, 65 qadının taleyi hələ də naməlum olaraq qalmaqdadır. Təəssüf ki, beynəlxalq hüquq məhkəməsi Xocalı soyqırımı, eləcə də soyqırımı zamanı itkin düşmüş şəxslərlə bağlı Ermənistanla bağlı indiyədək heç bir addım atmayıb. Bu barədə nə deyə bilərsiniz?

- Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır.

Dünya təcrübəsində beynəlxalq humanitar hüquq normalarının pozulmasına həm hüquqi, həm də siyasi qiymət verilir. Hüquqi baxımdan bu qiyməti Beynəlxalq Cinayət Məhkəməsi verə bilər. Lakin nə Azərbaycan, nə də Ermənistan həmin məhkəməyə üzv olduğunda bu prosedur bizim tərəfimizdən başladıla bilmir. Siyasi baxımından isə hazırda Xocalı soyqırımını dünyada 15 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində soyqırımı kimi tanıyıb.

Digər tərəfdən qeyd olunmalıdır ki, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb.

- Müharibə bitsə də, Ermənistan itkin düşmüş azərbaycanlıların aqibətini müəyyənləşdirmək üçün əməkdaşlıq etmək istəmir. Sizcə, bunun üçün hansı addımlar atıla bilər?

- Ermənistan indiyədək İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir və həmin şəxslərin tapılması ilə bağlı əməkdaşlıq etmir. Səbəbi ondan ibarətdir ki, Ermənistan tərəfi törətdikləri vəhşiliklərin və cinayət əməllərinin ortaya çıxmasından qorxur.

Beynəlxalq səviyyədə Beynəlxalq Qızıl Xaç Komitəsi itkin düşmüş şəxslərlə bağlı məsələləri araşdırır. Lakin bu istiqamətdə müsbət nəticələr görmürük. Yeganə üsul məcburetmədir. Necə ki, Prezident onları sülhlə 3 rayonumuzu qaytarmağa məcbur etdi, Zəngəzur dəhlizinin açılmasına məcbur edir, bu məsələdə də ermənilər hansısa məcburetmədən sonra əməkdaşlıq edəcək. Misal üçün Ermənistan sülh müqaviləsinə məcbur edildikdən sonra itkin düşmüş şəxslərin aqibəti də müəyyən edilə bilər. Çünki sülhün şərtlərindən biri də budur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR